×
A
A
A
Sazlamalar

UFAZ: “Hackathon” yarışmasının qalibləri mükafatlara layiq görülüblər

Bakı, 14 mart, AZƏRTAC

Azərbaycan-Fransız Universitetində (UFAZ) tələbələr arasında keçirilən “#UFAZHackathon2022” yarışması başa çatıb.
Bu barədə AZƏRTAC-a UFAZ-dan məlumat verilib. Bildirilib ki, ilkin mərhələdə 49 komanda qeydiyyatdan keçib və onlardan 28-i yarışda iştirak üçün seçilib. “Hackathon” kənd təsərrüfatı, texnologiya, ətraf mühit, maliyyə, səhiyyə və su təsərrüfatı sahələrinə aid tapşırıqların həllinə həsr olunub.
İki gün ərzində 3 nəfərdən ibarət komanda şəklində iştirakçılar müxtəlif şirkətlərdən dəvət olunmuş mentorların da köməyilə verilən mövzulara uyğun proqramlaşdırma tapşırıqlarını icra edib.
Yarışın sonunda 24 komanda öz nəticələrini təqdim edib və onlar münsiflər heyəti tərəfindən qiymətləndiriliblər.
Qalib komandalar (Perihelion – 1-ci yer, Movement – 2-ci yer və Enigma – 3-cü yer) - 1-ci yer 3500 manat, 2-ci yer 2500 manat və 3-cü yer 1500 manat məbləğində pul mükafatı və bundan əlavə sponsorların xüsusi mükafatlarını qazanıblar.
“UFAZHackathon2022” yarışması “PAŞA Bank”, “Tabaterra”, “Kibrit Tech”, “Azintelecom”, “Azercosmos” və Aqrar İnnovasiya Mərkəzinin dəstəyi ilə həyata keçirilib.

Texnologiya 2022-03-14 11:49:00