×
A
A
A
Sazlamalar

Şəbəkə mühitində kiberinsidentlərinin intellektual analizi metodları işlənilir

Bakı, 9 mart, AZƏRTAC

AMEA İnformasiya Texnologiyaları İnstitutunda növbəti onlayn elmi seminar keçirilib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, elmi seminarda “AzScienceNet” Şəbəkə İdarəetmə Mərkəzinin rəhbəri texnika üzrə fəlsəfə doktoru Babək Nəbiyev “Şəbəkə mühitində kiberinsidentlərinin intellektual analizi metodları və alqoritmlərinin işlənməsi” mövzusunda elmlər doktorluğu üzrə dissertasiya işi haqqında məlumat verib. O qeyd edib ki, təhdidləri generasiya edən proqram və ya vasitələrin yaradılmasında, eləcə də tətbiq olunmasında iştirak edən bədniyyətlilərin müəyyən olunması üçün mütəşəkkil həll tətbiq edilməsi yolu olaraq əsasən kibercinayətkarlıqla mübarizə komandasının təcrübəsinə əsaslanılır.
Məruzəçinin sözlərinə görə, operativliyin yüksəldilməsi, insan amilinin minimallaşdırılması və yeni təhdidlərə uyğun reaksiyanın verilməsi üçün bu prosesin tam və ya qismən intellektuallaşdırılmasına bu problemin əsas həlli yolu kimi baxıla bilər. Tədqiqatın məqsədi şəbəkə mühitində təhdid generasiya edən hadisələrin analizi, onların qarşısının alınması, insidentlərin səbəblərinin aşkarlanması, qiymətləndirilməsi və eləcə də istifadə olunan boşluqların müəyyən olunmasına imkan verən intellektual analiz metod və alqoritmlərinin işlənməsidir.
Daha sonra “Kiberfiziki sistemlərdə fərdi məlumatların təhlükəsizliyinin təmin edilməsi üçün metod və alqoritmlərin işlənilməsi” mövzusunda məruzə dinlənilib. Mövzuya dair çıxış edən institutun doktorantı Araz Mustafa dissertasiya işinin kiberfiziki sistemlərdə fərdi məlumatların təhlükəsizliyi sahəsində aktual elmi-nəzəri problemlərin analizi, fərdi məlumatların təhlükəsizliyinin analizi üçün modellərin işlənməsi, təhdidlərin aşkarlanması və qarşısının alınması metodlarının işlənməsi, onların təhlükəsizliyinin təmin olunması üçün sistematik texniki təlimatın hazırlanmasına həsr olunduğunu vurğulayıb.
Sonda AMEA-nın vitse-prezidenti, institutun baş direktoru akademik Rasim Əliquliyev çıxış edərək, elmi kadr hazırlığının rəhbərlik etdiyi qurumun qarşısında duran əsas vəzifələrdən olduğunu bildirib. Bu baxımdan institutda tədqiqatçıların elmi fəaliyyətinin monitorinqinin aparılması, doktorant və dissertantların elmi fəaliyyətinin müzakirəsinə həsr olunmuş seminarların müntəzəm olaraq keçirilməsinin, eləcə də bu prosesdə hər bir alimin fəal rolunun əhəmiyyətini vurğulayıb.

Texnologiya 2022-03-09 12:33:00