×
A
A
A
Sazlamalar

Tələbələr “Baku Skills” müsabiqəsi haqqında məlumatlandırılıb

Bakı, 3 mart, AZƏRTAC

“Baku Skills” müsabiqəsi haqqında tələbələri ətraflı məlumatlandırmaq və həvəsləndirmək üçün Təhsil İnstitutu və “STEAM Azərbaycan” layihəsi tərəfindən silsilə infosessiyalar keçirilib. İnfosessiyalardan 20-dən çox ali təhsil müəssisəsindən 300-dən çox tələbə faydalanıb.
Bu barədə AZƏRTAC-a Təhsil İnstitutundan bildirilib. İnfosessiyalar zamanı tələbələrə və ali təhsil müəssisələrinin nümayəndələrinə yarışmaya qeydiyyat proseduru haqqında ətraflı məlumat verilib, həmçinin onların sualları cavablandırılıb.
Qeyd edək ki, mayın 26-29-da ölkəmizdə Türkiyənin ən böyük texnologiya festivalı olan “TEKNOFEST” əsasında “TEKNOFEST Azərbaycan” festivalı təşkil olunacaq. “TEKNOFEST Azərbaycan” tədbiri çərçivəsində keçirilən “Baku Skills” kateqoriyası üzrə müsabiqə Təhsil Nazirliyinin və Təhsil İnstitutunun dəstəyi ilə “STEAM Azərbaycan” layihəsi tərəfindən təşkil olunur.
“Baku Skills” müsabiqəsi iştirakçıların 3D çap texnologiyasından istifadə bacarıqlarının təkmilləşdirilməsini hədəfləyir. Yarışmada iştirak etmək hüququnu qazanmış komandalar üçün lazımi avadanlıq və ləvazimat təchizatı Təhsil Nazirliyi tərəfindən təmin olunacaq. I, II və III yerlərin sahibi olacaq komandalar və onların rəhbərləri üçün pul mükafatları nəzərdə tutulur.

Texnologiya 2022-03-03 12:09:00