×
A
A
A
Sazlamalar

Rabatda Xocalı soyqırımı qurbanlarının xatirəsi yad edilib

Rabat, 1 mart, AZƏRTAC
Azərbaycan Respublikasının Mərakeş Krallığındakı səfirliyi və Mərakeş-Azərbaycan Dostluq Cəmiyyətinin təşkilatçılığı ilə Veteran Müqavimətçilər və Azadlıq Ordusu Üzvləri Ali Nümayəndəliyinin mərkəzi qərargahında Xocalı faciəsinin 30-cu ildönümü ilə əlaqədar tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə əvvəlcə Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra səfir Oktay Qurbanov çıxış edərək, 1992-ci ilin fevralın 25-dən 26-na keçən gecə Xocalıda Ermənistan silahlı qüvvələri tərəfindən 613 dinc sakinin amansızcasına qətlə yetirilməsindən danışıb, bunun Ermənistan Respublikasının ölkəmizə və xalqımıza qarşı dövlət səviyyəsində yürütdüyü işğalçılıq və etnik təmizləmə siyasəti olduğunu qeyd edib.
O.Qurbanov Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Xocalı soyqırımının 30-cu ildönümü ilə əlaqədar bəyanatını ərəb dilində iştirakçıların diqqətinə çatdırıb, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” beynəlxalq kampaniyasının fəaliyyəti barədə məlumat verib.
Səfir çıxışında Xocalı soyqırımının Pakistan, Meksika, Sudan, Peru, İordaniya, Cibuti, Honduras və Çexiyanın parlamentləri, ABŞ-ın 24 ştatı tərəfindən tanındığını, o cümlədən İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Xarici İşlər Nazirləri Şurasının 2017-ci ildə Fil Dişi Sahili Respublikasında keçirilən 44-cü sessiyasında Xocalı soyqırımının qurbanlarına dair qətnamə qəbul edildiyini bildirib. Həmçinin səfir sözügedən qətnamədə üzv dövlətlərin “Xocalıya ədalət!” beynəlxalq təşviqat kampaniyasında yaxından iştirak etməyə dəvət olunduğunu vurğulayıb.
Daha sonra Mərakeş-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Məhəmməd Fəqiri XX əsrin sonlarında törədilmiş bu faciənin dünyanın bütün sülhsevər ölkələri tərəfindən soyqırımı kimi tanınmasının vacibliyini qeyd edərək, dünya ictimaiyyətinin bu məsələyə biganə qalmamalı olduğunu diqqətə çatdırıb.
Sonda tədbir iştirakçıları Xocalı soyqırımına dair foto və kitablardan ibarət sərgi ilə tanış edilib, şəhidlərimizin ruhlarına dualar oxunub, ehsan süfrəsi açılıb.
Tədbirlə bağlı yerli KİV-də məlumatlar dərc olunub.

Nigar Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Rabat 

Xocalı faciəsi 2022-03-01 11:28:00