×
A
A
A
Sazlamalar

Xocalı soyqırımı ilə bağlı Danimarka hökumətinə və parlamentinə müraciət edilib

Bakı, 26 fevral, AZƏRTAC

Danimarkada yaşayan soydaşlarımız Xocalı soyqırımının 30-cu ildönümü ilə əlaqədar ölkənin rəsmi qurumlarına müraciət ediblər.
Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, “Vətən” Danimarka-Azərbaycan Cəmiyyətinin sədri Səfər Sadiqinin imzası ilə ölkənin Baş naziri Mette Frederiksenə, ölkə parlamentinin sədri Henrik Dam Kristensenə, xarici işlər naziri Yeppe Koffoda ünvanlanan bəyanatda 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı birləşmələrinin və terrorçu dəstələrinin sovet ordusunun Xankəndidə yerləşən 366-cı motoatıcı alayının köməyi ilə Xocalı şəhərində dinc əhaliyə qarşı misli görünməmiş amansızlıqla soyqırımı törətdiyi barədə ətraflı məlumat verilib.
Qeyd edilib ki, BMT Baş Assambleyasının 1946-cı il 11 dekabr tarixli 96 (I) saylı qətnaməsinə və 1948-ci il 9 dekabr tarixli 260 (III) saylı qətnaməsi ilə qəbul olunan Soyqırımı Konvensiyasına əsasən, Xocalı sakinlərinin etnik mənsubiyyətlərinə görə və əvvəlcədən düşünülmüş niyyətlərlə kütləvi şəkildə qətlə yetirilməsi soyqırımı kimi şərh edilməlidir.
Soydaşlarımız beynəlxalq təşkilatları və ayrı-ayrı dövlətləri Xocalı faciəsini soyqırımı aktı və bəşəriyyətə qarşı cinayət kimi tanımağa çağırıblar.
Qeyd edək ki, Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə dünyanın 40 ölkəsində Xocalı soyqırımının 30 illiyi ilə əlaqədar 150-yə yaxın tədbirin keçirilməsi nəzərdə tutulur.

Xocalı faciəsi 2022-02-26 19:15:00