×
A
A
A
Sazlamalar

Yaponiyanın “Cross Border Club 3.0” yutub kanalında Xocalı faciəsinin 30-cu ildönümü barədə veriliş yayımlanıb VİDEO

Tokio, 26 fevral, AZƏRTAC

Fevralın 25-də Yaponiyanın “Cross Border Club 3.0” yutub kanalında Xocalı faciəsinin 30-cu ildönümü barədə xüsusi veriliş yayımlanıb.
AZƏRTAC xəbər verir ki, verilişin aparıcısı “Cross Border Club 3.0” şirkətinin baş meneceri Kazuyasu İşida, Azərbaycan-Yaponiya Dostluq Mərkəzinin sədri, Dünya Azərbaycanlılarını Əlaqələndirmə Şurasının üzvü Xəlil Kələntər və AZƏRTAC-ın Yaponiyadakı xüsusi müxbiri Vüqar Ağayev yapon izləyicilərə faciənin törədilməsinin səbəbləri və nəticələri barədə ətraflı məlumat veriblər. Əvvəlcə iştirakçıların istifadə etdiyi üzərində Xocalı soyqırımı haqda məlumatların əks olunduğu QR kod olan maskadan bəhs olunub. Həmin maskanın Tokiodakı diaspor təşkilatı tərəfindən təşviqat məqsədilə hazırlandığı qeyd edilib. Sonra 1992-ci il fevralın 26-na keçən gecə Xocalı şəhərində erməni separatçıları tərəfindən törədilən soyqırımının XX əsrin ən ağır cinayətlərindən biri olduğu bildirilib.
Verilişdə tarixi Azərbaycan torpağı olan Xocalı şəhəri, buradakı mədəniyyət abidələri, bu torpaqların azərbaycanlılara məxsusluğunu sübut edən faktlar barədə ətraflı bəhs edilib. Vurğulanıb ki, ermənilərin həmin şəhəri işğal edərək yandırmasının, yerli əhalini məhv etməsinin səbəbi məhz bu torpaqların azərbaycanlılara məxsus olduğunu sübut edən faktları aradan qaldırmaq olub.
Keçmiş Sovet İttifaqının 366-cı alayının hərbi texnikası və heyəti ilə birlikdə şəhərə hücum edən ermənilərin burada törətdikləri vəhşiliklər barədə həm alayın hərbçiləri, həm də əcnəbi jurnalistlərin sonradan təsdiqlədikləri faktlarla ətraflı məlumat verilib. Qeyd edilib ki, dinc sakinlərin şəhəri tərk etməsi üçün yaradılan dəhliz tələ rolunu oynayıb və bunun nəticəsində aralarında uşaqların, qadınların və qocaların olduğu 613 nəfər amansızcasına qətlə yetirilib. Hücum nəticəsində 487 nəfər yaralanıb və 1275 nəfər əsir götürülərək müxtəlif işgəncələrə məruz qalıb. Həmin insanlar məhz azərbaycanlı olduqlarına görə bu əzablara məruz qalıblar.
Verilişdə bu faciənin erməni vandalları tərəfindən törədilməsi barədə Ermənistanın sabiq prezidenti Serj Sarkisyanın, cəllad Zori Balayanın və digər ermənilərin faciənin məhz onlar tərəfindən törədildiyini təsdiq edən sözləri də öz əksini tapıb. Qeyd edilib ki, cəllad qəddarlığı ilə törədilmiş bu soyqırımı aktı heç vaxt Azərbaycan xalqının yaddaşından silinməyəcək.
Verilişdə Xocalı faciəsi qurbanlarının qanının yerdə qalmadığı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qalib Azərbaycan Ordusunun 2020-ci ilin payızında həmin torpaqları erməni işğalçılarından azad etdiyi xüsusi qeyd olunub. Vurğulanıb ki, bu tarixi Qələbə ata-baba torpaqlarından qovulmuş insanların doğma evlərinə qayıtmasına şərait yaradıb. Azərbaycan rəhbərliyinin həmin ərazilərdə apardığı böyük quruculuq və bərpa işləri onların tezliklə öz doğma evlərinə qayıdacaqlarını deməyə ciddi əsas yaradıb.
İzləyicilərə həmin ərazilərdə aparılan bərpa işlərində Yaponiya şirkətlərinin də yaxından iştirak etdiyi barədə məlumat verilib.

 

Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio

Xocalı faciəsi 2022-02-26 17:18:00

Video