×
A
A
A
Sazlamalar

Xocalı soyqırımının 30-cu ildönümü ilə əlaqədar Bolqarıstanda silsilə tədbirlər təşkil olunub

Bakı, 26 fevral, AZƏRTAC

Azərbaycanın Bolqarıstandakı səfirliyinin təşkilatçılığı ilə Bolqarıstanın Milli Teleqraf Agentliyində Xocalı soyqırımına həsr olunmuş “Xocalı faciəsi 30 il sonra: hüquqi və humanitar aspektlər” adlı elmi-praktik konfrans keçirilib.
Səfirlikdən AZƏRTAC-a bildirilib ki, konfransda Azərbaycan və Bolqarıstan parlamentlərinin üzvləri, Bolqarıstanda akkreditə olunmuş diplomatik nümayəndəliklərin rəhbərləri, ali elmi-təhsil müəssisələri və akademik dairələrin üzvləri, mütəxəssislər və Azərbaycan diasporunun üzvləri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Azərbaycanın Bolqarıstandakı səfiri Hüseyn Hüseynov Xocalı soyqırımının bəşəriyyətin ən dəhşətli qətliamları sırasında yer aldığını və 1992-ci ilin fevralın 25-dən 26-na keçən gecə ərzində Ermənistan silahlı qüvvələrinin vəhşiliyi nəticəsində 613 nəfər günahsız mülki Azərbaycanlının, o cümlədən 106 qadın, 63 uşaq və 70 yaşlı insanın öldürüldüyünü qeyd edib. Səfir 2020-ci ilin oktyabr ayında Azərbaycanın Gəncə, Bərdə, Tərtər kimi şəhərlərinin mülki əhalisini məqsədli şəkildə hədəfə alan Ermənistanın 1992-ci ildə olduğu kimi eyni qəbildən olan terror əməlinə əl atdığını diqqətə çatdırıb, Azərbaycana qarşı həyata keçirilmiş hərbi təcavüz zamanı törədilmiş ağır cinayətlərə görə məsuliyyət daşıyan şəxslərin beynəlxalq məhkəmə qarşısına çıxarılmasının ədalətin zəfər çalmasına xidmət edəcəyini vurğulayıb.
Sonra Azərbaycan Milli Məclisinin deputatı, Azərbaycan-Bolqarıstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Rauf Əliyev, Bolqarıstan Xalq Məclisinin üzvləri və elmi təhsil dairələrinin nümayəndələri çıxış edərək Xocalı faciəsinə dair öz fikirlərini bölüşüb və soyqırımın törədilməsində iştirak etmiş şəxslərin beynəlxalq məsuliyyətə cəlb edilməsinin zəruriliyini qeyd ediblər.
Konfrans çərçivəsində hüquq elmləri doktoru, professor Namik Əliyevin bolqar dilinə tərcümə edilmiş “Ermənistan – Azərbaycan qarşıdurması: hüquqi aspektlər” adlı kitabının təqdimatı keçirilib. Konfransa onlayn formatda qoşulmuş müəllif nəşr olunmuş kitabı, eləcə də keçmiş Ermənistan–Azərbaycan münaqişəsinin tarixi kökləri, Ermənistanın beynəlxalq hüquqa ziddiyyət təşkil edən fəaliyyəti barədə konfrans iştirakçılarına məlumat verib.
Konfransda Kliment Oxridski adına Sofiya Universiteti nəzdində fəaliyyət göstərən Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin direktoru Sofiya Şıqayeva-Mitreska Azərbaycanın işğaldan azad olunmuş ərazilərində mədəniyyət irsinə dair geniş təqdimatla çıxış edib.
Elmi-praktik konfransla yanaşı Bolqar Milli Teleqraf Agentliyinin binasında yerli media nümayəndələri, elmi təhsil müəssisələri və diplomatik korpusun üzvlərinin iştirakı ilə Xocalı soyqırımının xatirəsinə həsr olunmuş rəsm əsərlərindən ibarət sərginin açılışı baş tutub.
Eyni zamanda, fevralın 25-ində səfirliyin təşəbbüsü ilə Şuşa rayonu 1 nömrəli və Füzuli rayonu 3 nömrəli tam orta məktəbləri ilə Bolqarıstanın orta məktəbləri arasında Xocalı faciəsinin 30-cu ildönümü ilə əlaqədar videokonfrans təşkil edilib. Tədbirdə Azərbaycanın Qarabağ bölgəsinin orta məktəblərinin şagirdləri, müəllimləri bolqarıstanlı həmyaşıdları və həmkarlarına Xocalı soyqırımı ilə bağlı ətraflı məlumat verib, ətraflı fikir mübadiləsi aparıblar.
Qeyd olunan tədbirlər Bolqarıstan kütləvi informasiya vasitələri tərəfindən geniş işıqlandırılıb.
Fevralın 25-də Sofiya şəhərinin mərkəzi məscidində Xocalı şəhidlərinin ruhuna “Qurani-Kərim” oxunub, dualar edilib, səfirliyin təşkilatçılığı və Bolqarıstan Müsəlmanları Diyanəti Baş Müftiliyinin dəstəyi ilə məscidə ibadətə gələnlərə ehsan verilib.
Xocalı soyqırımının 30-cu ildönümü ilə əlaqədar səfir Hüseyn Hüseynov Bolqarıstanın Milli Radiosuna, həmçinin aparıcı yerli xəbər agentliklərinə Azərbaycanın müasir tarixinin ən faciəli səhifələrindən olan Xocalı soyqırımı ilə əlaqədar müsahibələr verib. Səfirliyin təşəbbüsü ilə Xocalı soyqırımına dair məlumatlar Bolqarıstanın KİV-ində geniş işıqlandırılıb. Bununla yanaşı, Xocalı soyqırımı ilə bağlı Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin bəyanatı, həmçinin Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə müvəkkilinin (ombudsman) bəyanatı və Azərbaycanda fəaliyyət göstərən dini icmaların rəhbərlərinin müraciəti bolqar dilinə tərcümə edilərək Bolqarıstanın dövlət qurumları, bu ölkədə akkreditə olunmuş diplomatik nümayəndəliklər və beynəlxalq təşkilatlar, eləcə də yerli xəbər agentlikləri arasında yayılıb.

Xocalı faciəsi 2022-02-26 17:05:00