×
A
A
A
Sazlamalar

Deputat: Avropa Şurası başda olmaqla bütün beynəlxalq təşkilatların Xocalı soyqırımını tanımasını istəyirik

Bakı, 26 fevral, AZƏRTAC
Otuz il əvvəl ermənilərin Azərbaycan ərazisində soydaşlarımıza qarşı törətdiyi soyqırımı bu gün dünya tərəfindən pislənir. Xocalıda yaşananlar beynəlxalq hüququn fundamental sənədləri - Cenevrə konvensiyaları, Ümumdünya İnsan Hüquqları Bəyannaməsi, İnsan Hüquqları üzrə Avropa Konvensiyası, Mülki və Siyasi Hüquqlar Haqqında Beynəlxalq Paktı ilə ziddiyyət təşkil edir. 1948-ci il Soyqırımın Cəzalandırılması və Qarşısının Alınması haqqında Müqavilə Xocalıda yaşanan qətliamın həqiqətən də soyqırımı olduğunu təsdiqləyir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Könül Nurullayeva bildirib.
Deputat deyib: "Ulu öndər Heydər Əliyev hər zaman deyirdi ki, Xocalı soyqırımı, ermənilərin xalqımıza qarşı təcavüzü, vəhşiliyi, insana qarşı ən rəzil üsullardan istifadə etməsi bəşəriyyət tarixinə daxil olub. Bu soyqırımın qurbanları xalqımızın milli azadlıq yolunda apardığı mübarizənin qurbanlarıdır, Şəhiddirlər. Bu bəşəriyyət əleyhinə cinayət 2 əsrə yaxın bir müddətdə erməni şovinist-millətçiləri tərəfindən azərbaycanlılara qarşı müntəzəm olaraq həyata keçirilən etnik təmizləmə və soyqırımı siyasətinin davamı və ən qanlı səhifəsidir. 63-ü uşaq olmaqla 613 nəfər soydaşımızı məhz azərbaycanlı olduqları üçün xüsusi amansızlıqla qətlə yetirən erməni silahlılarının bir məqsədi var idi - Azərbaycan xalqının iradəsini qırmaq, lakin heç bir qüvvə xalqımızın iradəsini qıra bilməzdi".
K.Nurullayeva diqqətə çatdırıb ki, Azərbaycan 30 il ərzində Ermənistanın işğal siyasətinə qarşı bütün cəbhələrdə mübarizə aparıb. Soyqırımın dünya ictimaiyyətinə çatdırılması istiqamətində intensiv iş aparılıb. Heydər Əliyev Fondunun vitse-prezidenti xanım Leyla Əliyevanın təşəbbüsü ilə reallaşan “Xocalıya ədalət” kampaniyası çərçivəsində Azərbaycanın haqq səsi dünyaya çatdırılmaqdadır.
İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqı, Türk Dövlətləri Təşkilatı, Pakistan, Çexiya, Peru, Kolumbiya, Panama, Honduras, Sudan, Qvatemala və Cibuti parlamentlərinin müvafiq sənədlərində Xocalıda törədilən kütləvi qətllərin soyqırımı aktı olduğu təsdiq edilib.
Rumıniya, Bosniya və Herseqovina, Serbiya, İordaniya, Sloveniya, Şotlandiya parlamentləri, eləcə də Amerika Birləşmiş Ştatlarının 20-dən çox ştatının icra və qanunvericilik orqanı Xocalı faciəsini soyqırımı kimi qiymətləndirərək qətiyyətlə pisləyib.
"Azərbaycan Parlamenti Xocalı soyqırımı ilə əlaqədar 75 ölkənin parlamentinə məktub göndərib və bu məktublarda soyqırımın tanınması istəyi qeyd olunur. Eyni amanda, Milli Məclis Avropa Şurası və digər beynəlxalq təşkilatları Xocalı soyqırımını tanımağa çağırıb. Biz Avropa Şurası başda olmaqla bütün beynəlxalq qurumların bu soyqırımı tanımasını istəyirik.
İyirmi səkkiz ildən sonra Azərbaycan şəhidlərimizin, soyqırımı qurbanlarının qisasını aldı. Prezident İlham Əliyevin söylədiyi kimi, biz bu illər ərzində bütün gücümüzü səfərbər etdik, ardıcıl siyasət apardıq, beynəlxalq müstəvidə, iqtisadi sahədə, qonşu ölkələrlə münasibətlərdə, regional layihələrin icrasında və əlbəttə ki, ordu quruculuğunun təkmilləşdirilməsi istiqamətində böyük işlər gördük”, - deyə K.Nurullayeva bildirib.
Deputat vurğulayıb ki, bütün Azərbaycan xalqı, Azərbaycanda yaşayan bütün xalqların nümayəndələri bir yumruq kimi birləşərək düşməni məğlub edib torpaqlarımızı işğaldan azad etdi. Artıq yeni mərhələdə Azərbaycan qələbəsini diplomatik müstəvidə möhkəmləndirməkdədir.

Xocalı faciəsi 2022-02-26 16:10:00