×
A
A
A
Sazlamalar

Azərbaycan səfirliyinin kollektivi Marneulidə Xocalı ailəsini ziyarət edib

Tbilisi, 26 fevral, AZƏRTAC

Azərbaycanın Gürcüstandakı səfirliyinin kollektivi Xocalı qurbanlarının Marneulidə yaşayan yaxınlarını ziyarət edib.
AZƏRTAC xəbər verir ki, səfir Faiq Quliyev, səfirliyin əməkdaşları, AZEBİ-nin İdarə Heyətinin sədri Nəriman Qurbanov, mətbuat nümayəndələri Marneulidə yaşayan Çıldırlılar və Baramovlar ailəsinin üzvləri ilə görüşüblər.
Əvvəlcə Xocalı soyqırımı qurbanlarının və şəhidlərimizin əziz xatirəsi ehtiramla anılıb.
Sonra səfir Faiq Quliyev Xocalı faciəsinin səbəb və nəticələri barədə məlumat verib. Bildirib ki, Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızı işğaldan azad edib, bununla da şəhidlərimizin qanı yerdə qalmayıb.
Səfir bildirib ki, Azərbaycan dövləti Xocalı faciəsi qurbanlarının yaxınlarına, qazi və şəhid ailələrinə daim diqqət və qayğı göstərir. Bu görüş də həmin qayğının təzahürüdür.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə 2008-ci ildən həyata keçirilən "Xocalıya Ədalət!" beynəlxalq kampaniyası barədə ətraflı məlumat verən diplomat deyib ki, bu kampaniya çərçivəsində dünyanın bir çox ölkəsində Xocalı faciəsinə artıq hüquqi qiymət verilib. Dövlətimizin apardığı məqsədyönlü siyasət nəticəsində Xocalı soyqırımını törədənlər də layiqli cəzalarını alacaqlar.
Gürcüstanda yaşayan soydaşlarımızın Azərbaycan dövləti ətrafında sıx birləşdiklərini vurğulayan F.Quliyev, 44 günlük Vətən müharibəsində Gürcüstan əsilli 44 şəhid olduğunu qeyd edib. O bildirib ki, şəhidlərimizin qanı yerdə qalmadı, şanlı Azərbaycan Ordusu onların qisasını aldı.
Xocalı faciəsi qurbanlarının Marneulidə yaşayan yaxını Gülnaz Çıldırlı göstərilən diqqət və qayğıya görə minnətdarlıq edib.
Sonra onlar Xocalı faciəsi ilə bağlı təəssüratlarını bölüşüblər. Xocalı həsrəti ilə dünyasını dəyişən Kətan Ələkbərovanın yazdığı şeirlər oxunub.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi

Xocalı faciəsi 2022-02-26 15:49:00