×
A
A
A
Sazlamalar

İstanbulda sosial media aksiyası: “Xocalı üçün paylaş” VİDEO

İstanbul, 26 fevral, AZƏRTAC
Fevralın 26-da İstanbulda "Xocalı üçün paylaş" beynəlxalq sosial media kampaniyasına start verilib.
AZƏRTAC xəbər verir ki, Xocalı soyqırımının 30-cu ildönümü ilə əlaqədar İstanbul Universitetində baş tutan tədbir Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi və "Yeniçağ" Media Qrupun təşkilatçılığı, Qızılbaş-Gəncləri Maarifləndirmə İctimai Birliyi, bu ali təhsil müəssisəsi, eləcə də universitetdə fəaliyyət göstərən Azərbaycan Mədəniyyət və Həmrəylik Topluluğunun dəstəyi ilə keçirilib.
Əvvəlcə, Azərbaycanın və Türkiyənin Dövlət himnləri səsləndirilib, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Xocalı soyqırımından bəhs edən videoçarx nümayiş olunub.
Tədbirdə çıxış edən Vətəndaş Həmrəyliyi Partiyasının sədri, Milli Məclisin deputatı Sabir Rüstəmxanlı, Azərbaycanın İstanbuldakı baş konsulluğunun konsulu Zaur Allahverdizadə, İstanbul Türkiyə-Azərbaycan Dərnəyinin (İSTAD) sədri Səfər Qaraqoyunlu, Azərbaycan Türkiyə Evinin (ATEV) rəhbəri Tənzilə Rüstəmxanlı və digərləri 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni caniləri tərəfindən Xocalıda törədilən soyqırımıdan danışıb, tarixin qanlı səhifəsi olan bu insanlıq cinayətinin səbəbkarlarının ədalət məhkəməsi qarşısına çıxarılmasını tələb ediblər.
Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən İkinci Qarabağ müharibəsi haqqında danışan natiqlər bu savaşın yalnız meydanda deyil, eyni zamanda, sosial mediada da aparıldığını qeyd ediblər.
Bildirilib ki, Azərbaycan Vətən müharibəsi nəticəsində əldə etdiyi şanlı Zəfərlə, ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən, o cümlədən Xocalıda qətlə yetirilən soydaşlarımızın qisası alınıb.
Hər il ənənəvi olaraq keçirilən kampaniya çərçivəsində #hocalı, #hocalısoykırımı, #hocalıiçinpaylaş və #hocalıyadalet həşteqi ilə paylaşımlar edilir.
Tədbirdə İkinci Qarabağ müharibəsində media dəstəyi göstərən Azərbaycan və Türkiyə jurnalistlərinə "Qardaşa təşəkkür" paketləri təqdim olunub.
Mükafat alanlar arasında AZƏRTAC-ın Türkiyə bürosunun İstanbul üzrə müxbiri də var.

Günel Məlikova
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul

Xocalı faciəsi 2022-02-26 15:08:00

Video