×
A
A
A
Sazlamalar

Xocalı soyqırımı qurbanlarının xatirəsi Tacikistanda da yad edilib

Düşənbə, 26 fevral, AZƏRTAC

Azərbaycanın Tacikistandakı səfirliyində Xocalı soyqırımının 30-cu ildönümü ilə əlaqədar anım mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, mərasimdə Tacikistanda akkreditə olunmuş diplomatik korpusun rəhbərləri və əməkdaşları, yerli kütləvi informasiya vasitələrinin, ölkə ictimaiyyətinin, Azərbaycan icmasının nümayəndələri iştirak ediblər.
Azərbaycanın Tacikistandakı səfiri Əlimirzamin Əskərov iştirakçılara Xocalı soyqırımı barədə ətraflı məlumat verib, bu cinayətin təcavüzkar erməni millətçilərinin xalqımıza qarşı apardığı etnik təmizləmə və soyqırımı siyasətinin nəticəsi olduğunu bildirib.
Səfir “Xocalıya ədalət!” kampaniyası barədə danışaraq bunun əsas məqsədinin 30 il öncə Xocalıda törədilən qətliamla bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması və Xocalı soyqırımı qurbanlarının xatirəsinin yad edilməsi olduğunu vurğulayıb.
Diplomat 1988-ci ildən başlayaraq Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində beynəlxalq hüququn hamılıqla tanınmış prinsip və normalarının kobud şəkildə pozulması ilə Azərbaycan ərazilərinin 20 faizinin işğal edildiyini, bir milyondan artıq soydaşımızın qaçqın və məcburi köçkünə çevrildiyini vurğulayıb. O bildirib ki, 1992-ci il fevralın 26-da Xocalı şəhərində azərbaycanlılara qarşı törədilmiş soyqırımı nəticəsində 613 nəfər, o cümlədən 106 qadın, 63 uşaq, 70 qoca qətlə yetirilib, 1275 dinc sakin əsir götürülüb, 155 nəfər itkin düşüb. Xocalı soyqırımına ilk dəfə olaraq hüquqi-siyasi qiymətin ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıtdıqdan sonra verildiyini bildirən Əlimirzamin Əskərov 1994-cü ildə ulu öndərin təşəbbüsü ilə Azərbaycan parlamenti tərəfindən 26 fevral tarixinin “Xocalı soyqırımı günü” kimi qəbul edildiyini diqqətə çatdırıb.
Türkiyənin Tacikistandakı səfiri Emre Zeki Karagöl Xocalı qətliamının yalnız Azərbaycan xalqına deyil, bütün bəşəriyyətə qarşı törədilmiş cinayət əməli olduğunu qeyd edərək bu faciəni törədənlərin cəzalandırılmasının vacibliyini vurğulayıb, Türkiyənin hər zaman Azərbaycanın yanında olduğunu bildirib.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Düşənbə

Xocalı faciəsi 2022-02-26 14:35:00