×
A
A
A
Sazlamalar

Xocalı faciəsində erməninin yırtıcılığı, qaniçənliyi, amansızlığı üzə çıxdı

Bakı, 26 fevral, AZƏRTAC
AMEA-nın Folklor İnstitutunda Xocalı soyqırımının 30-cu ildönümünə həsr olunmuş anım tədbiri keçirilib.
Bu barədə AZƏRTAC-a AMEA-dan bildirilib. Tədbirdə çıxış edən institutun baş direktoru akademik Muxtar İmanov Xocalıda baş verən hadisələri Azərbaycan xalqına qarşı törədilmiş soyqırımı, böyük qətliam kimi xarakterizə edib. Akademik bildirib ki, biz bu hadisələrdən nəticə çıxarıb mübarizə aparmağı, irəliyə baxmağı hökmən bacarmalıyıq. Azərbaycan 44 günlük Vətən müharibəsində qazandığı Zəfərlə bizə qarşı cinayət törədənlərin cavabını verib.
Akademik çıxışı zamanı azərbaycanlıların müstəqillik uğrunda keçmiş SSRİ-də ən çox mücadilə verən xalqlardan biri olduğunu da nəzərə çatdırıb.
Xocalı sakini, polkovnik Akif Hüseynov qətliamın şahidi kimi gördüyü hadisələr barədə ətraflı məlumat verib. O, Xocalı sakinlərinin əsasən Qaraqaya dağında qətlə yetirildiyini diqqətə çatdırıb. 1992-ci il yanvarın 29-da Xocalıya təşkil olunan hücumda şəhərin mühasirədən çıxarılmasında bilavasitə iştirak etdiyini və əməliyyatın uğurlu keçdiyini xatırladan qonaq bundan sonra Xocalının xilas olunması ilə bağlı ozamankı rəhbərlik tərəfindən heç bir cəhdin göstərilmədiyini təəssüf hissi ilə qeyd edib. A.Hüseynov bildirib ki, Xocalının mühasirədən çıxarılması Qarabağ döyüşlərinin dönüş nöqtəsi ola bilərdi. O, həmin gecədə təqsiri yalnız azərbaycanlı olmaqda olan və ata-baba yurdunu tərk etmək istəməyən insanların çəkdikləri ağlasığmaz əzab-əziyyətlərdən kədərlə bəhs edib. Eyni zamanda, doğma qardaşı – Xocalı özünümüdafiə taborunun yaradıcılarından biri olan, “Mixaylo” adı ilə tanınan Milli Qəhrəmanımız şəhid mayor Tofiq Hüseynovun döyüş yoluna işıq salıb. Qonaq çıxışının sonunda 44 günlük Vətən müharibəsində qisasımızın bədnam qonşularımızdan alındığını diqqətə çatdırıb.
Folklor İnstitutunun əməkdaşı, şair-jurnalist Mahir Cavadlı Xocalı faciəsinin XX əsrin ən dəhşətli və qəddarcasına törədilmiş Xatın, Xirosima faciələri ilə bir sırada durduğunu qeyd edib.
Filologiya üzrə fəlsəfə doktoru Elçin Qaliboğlu isə bildirib ki, Xocalı qırğını erməninin şəxsində insan yırtıcılığıdır. Xocalı qırğını xalqımızın örnəyində bəşərin faciəsidir. Xocalı faciəsində erməninin yırtıcılığı, qaniçənliyi, amansızlığı, xalqımıza qarşı sonsuz nifrəti üzə çıxdı, erməniliyin nədən ibarət olduğunu bütünlüklə göstərdi. Ermənilər indi də Xocalıda törətdiyi yırtıcılığa qəhrəmanlıq kimi baxırlar. Ancaq bu, onlar üçün heç vaxt bəraət imkanı olmayan dəhşətli üzqaralığı, bəşəri cinayətdir.
İnstitut əməkdaşlarından Aydın Mustafayev bildirib ki, Ağdərənin Qarvənd kəndi Qarabağda işğal edilən ilk kənd olub və Xocalıya uzanan faciə də məhz bu kənddən başlayır.
Tədbirdə institutun “Folklor” studiyasının soyqırımı ilə bağlı hazırladığı “Xocalı fəryadı” filmi nümayiş olunub.

Elm və təhsil 2022-02-26 14:22:00