×
A
A
A
Sazlamalar

Moskvada Xocalı faciəsinin 30 illiyinə həsr olunmuş konfrans keçirilib

Moskva, 26 fevral, AZƏRTAC

Fevralın 25-də Moskvadakı Yəhudi Muzeyi və Tolerantlıq Mərkəzində Xocalı faciəsinin 30 illiyinə həsr olunmuş konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycanın RF-dəki səfirliyi və Heydər Əliyev Fondunun Rusiyadakı nümayəndəliyi tərəfindən təşkil olunmuş tədbirdə Türkiyə səfiri Mehmet Samsar, diplomatik korpusun digər nümayəndələri və Rusiya ictimaiyyətinin təmsilçiləri, Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin (RAGB) fəalları, diaspor təşkilatlarının üzvləri, Moskvada təhsil alan tələbələr iştirak ediblər.
Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu konfransı açaraq vurğulayıb ki, indi Azərbaycan xalqı bu günü xüsusi hisslə qeyd edir, çünki bu xalq öz rəşadətli ordusu, qəhrəman oğulları sayəsində, güclü və müdrik Ali Baş Komandanının rəhbərliyi ilə çoxdan gözlənilən Qələbəni qazandı. Bütün dünya əmin oldu ki, bizim necə güclü və müasir ordumuz var, əsgər və zabitlərimizin döyüş ruhu necə yüksəkdir, Prezidentimiz və Ali Baş Komandanımız İlham Əliyevin iradəsi necə güclü və yenilməzdir.
Səfir bildirib ki, bu müharibə bizə təkcə işğal altında olan əraziləri deyil, həm də şərəf və ləyaqətimizi qaytardı, yaşlı nəslə kiçiklərin gözlərinə baxa bilmək, kiçik nəslə isə öz Vətəninin xilaskarları kimi mühüm tarixi missiyanı yerinə yetirmək imkanı verdi. Səfir vurğulayıb ki, bu oğulların istilaçı olmadığını, onların öz evlərinə qayıtdıqlarını anlamaq çox vacibdir. Onların böyük qüvvəsi və həqiqət bunda idi. Onların arasında əslən Xocalıdan olanlar da vardı.
Bu müharibədə biz minlərlə gənc talelər itirdik, onların hər biri bizim üçün çox əzizdir. Bu canlar torpaqlarımızı uzun illər davam edən işğaldan azad etmək naminə, Vətəni düşmənlərdən təmizləmək, qaçqınların nəhayət öz doğma yerlərinə qayıda bilmələri üçün qurban verilmişdi.
Xocalı faciəsi ən irimiqyaslı və qanlı faciə oldu, lakin təəssüf ki, bu, Birinci Qarabağ müharibəsinin gedişində yeganə faciəli səhifə olmadı.
P.Bülbüloğlu tədbir iştirakçılarına xatırladıb ki, bəzən Rusiya mətbuatında Birinci Qarabağ müharibəsinin guya Sumqayıt hadisələrindən başlaması barədə fikirlər səslənir. O vurğulayıb ki, ilk qan Sumqayıtda axıdılmayıb. Bu, xeyli əvvəl baş verib. 1983-cü ildən başlayaraq Xocalıdakı soyqırımınadək ermənilərin vəhşilik və vandalizminə dair təkzibedilməz faktları misal göstərən səfir xüsusi qeyd edib ki, görkəmli dövlət xadimi Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsindən kənarlaşdırıldıqdan sonra azərbaycanlıların bütün Ermənistan ərazisindən kütləvi şəkildə qovulmasına başlanılıb. Diplomat təəssüflə bildirib ki, bütün bu faciəli hadisələrdə Ermənistanın ovaxtkı ziyalıların mənfi rolu çox böyük olub.
Azərbaycanlıların Ermənistan ərazisindən qovulması erməni separatçılarının böyük planının yalnız başlanğıcı idi. Bunun ardınca ikinci mərhələdə Dağlıq Qarabağda, sonra isə azərbaycanlıların yaşadığı yeddi rayonda da etnik təmizlənmə gəlirdi.
1992-ci il fevralın 26-na keçən gecə Xocalıda dinc azərbaycanlı əhaliyə qəddarcasına divan tutuldu. Bir gecədə 613 nəfər, o cümlədən qocalar, qadınlar və uşaqlar qətlə yetirildi. Sağ qalan şahidlərin ifadələri hücum edənlərin ağlasığmaz qəddarlığını sübut edir və buna heç cür bəraət qazandırmaq mümkün deyil. Meyitlərin əksəriyyəti eybəcər hala salınmışdı və ya üzərində işgəncə izləri vardı. Bunlar Rusiyanın “Memorial” hüquq müdafiəsi mərkəzinin məruzəsində də qeyd edilib. Lakin insanlığa qarşı törədilən bu vəhşi cinayətlərə görə hələ də heç kim cəzasını almayıb.
Ötən illərdə müxtəlif ölkələrdə Azərbaycan xalqının nümayəndələri Xocalı faciəsinə diqqət çəkərək buna nail olmağa çalışıblar ki, beynəlxalq təşkilatlar, müxtəlif ölkələrin hökumətləri və parlamentləri həmin hadisələrə qiymət versinlər, faciəni soyqırımı aktı kimi qəbul etsinlər. Bir çox ölkənin, o cümlədən Bosniya və Herseqovina, Kolumbiya, Çexiya, Meksika, Pakistan, Panama, Peru, Rumıniya və Qvatemalanın, həmçinin ABŞ ştatlarının əksəriyyətinin qanunvericiləri Xocalı soyqırımının tanınması barədə aktlar qəbul ediblər.
Bütün bunlara Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə yaradılan “Xocalıya ədalət!” beynəlxalq kampaniyası çərçivəsində aparılan böyük və ardıcıl iş sayəsində nail olunub.
Səfir bir daha qeyd edib ki, Xocalı faciəsi ən qanlı, ən irimiqyaslı, lakin Birinci Qarabağ müharibəsi illərində yeganə olmayan faciədir. Əsgəran, Qafan, Gümrü, Zəngibasar, Quqark, Kərkicahan, Meşəli, Quşçular, Qaradağlı, Ağdaban, Xocalı – hər bir adın arxasında günahsız halda qətlə yetirilən onlarca və yüzlərlə Azərbaycanın dinc sakinləri durur.
P.Bülbüloğlu qeyd edib ki, Qarabağ müharibələri zamanı insanlığa qarşı törədilən cinayətləri dünyanın öyrənməsi və pisləməsindən ötrü bütün səylər ortaya qoyulmalıdır. Məlum olduğu kimi, belə cinayətlərin iddia müddəti yoxdur!!!
Səfir Yəhudi Muzeyinə və Tolerantlıq Mərkəzinin rəhbərliyinə dəstəyə görə təşəkkür edərək bildirib ki, yəhudilər soyqırımını yaşamış bir xalq olaraq, Azərbaycan xalqına qarşı törədilən zorakılığı yaxşı başa düşürlər.
Diplomat bugünkü tədbirdə öz iştirakı ilə Azərbaycan xalqının kədərini bölüşən Rusiya ictimaiyyətinin nümayəndələrinə, diplomat həmkarlarına da minnətdarlığını bildirib.
Tanınmış rusiyalı diplomat, hərbi ekspert, “Nasionalnaya oborona” jurnalının baş redaktoru İqor Korotçenko öz çıxışında siyasi göstəriş verən şəxslərin və bilavasitə bu göstərişləri icra edənlərin, bu dəhşətli cinayətlərin törədilməsinə görə məsuliyyət daşıyanların cəzalandırılmasının vacibliyini vurğulayıb. Rusiyalı politoloq deyib: “Bu cinayətdə əli olanlar mütləq cəzalandırılmalıdır və bu, vacibdir. Hər şeydən əvvəl ona görə lazımdır ki, bu dəhşətli hadisələr nə indi, nə də gələcəkdə bir daha təkrarlanmasın. Erməni millətçiliyinin və separatizminin ideyaları Sovet ittifaqının dağıdılmasında partladıcı rolunu oynadı və qardaşın qardaşı öldürdüyü və qanlı müharibəyə gətirib çıxardı”.
O, həmçinin Xocalı faciəsinin soyqırımı aktı kimi rəsmi şəkildə tanınmasından ötrü zəruri olan hər şeyin Rusiyada qanunvericilik səviyyəsində ediləcəyinə əminliyini bildirdi.
İsrailli jurnalist və politoloq Arye Qut Xocalı faciəsinin Azərbaycan xalqının ağrılı yeri olduğunu vurğulayıb, Azərbaycana dəstəyini ifadə edib. O bildirib ki, Xocalıda baş verən faciəli hadisələrlə bağlı İsraildə hər il tədbirlər keçirilir və vəhşicəsinə qətlə yetirilən dinc sakinlər bu tədbirlərdə anılır.
A.Qut atası Əmir Qut ilə birgə yazdığı “Ağrı” bədii-sənədli romanının yaranması tarixçəsindən danışıb. Kitabda Xocalıdakı dəhşətli soyqırımı aktından söhbət açılır. Bu roman bir neçə dilə tərcümə edilib, Leyla xanımın dəstəyi ilə Azərbaycan dilində nəşr olunub.
İsrailli politoloq çıxışının sonunda təəssüflə qeyd edib ki, Xocalıda vəhşilikləri törədən Ermənistanın keçmiş siyasi rəhbərləri hələ də azadlıqdadır.
A.Qut İkinci Qarabağ müharibəsində Azərbaycan Ordusunun Qələbəsini xatırladaraq bu gün Azərbaycanın qalib ölkə olduğunu vurğulayıb və Azərbaycan Prezidentinin “Qarabağ Azərbaycandır!” şüarını səsləndirib.
Sonra yazıçı Yuri Pompeyev çıxış edərək Xocalı hadisələrinin dəhşətini vurğulayıb. O xatırladıb ki, erməni hərbçilərinin vəhşiliyi azərbaycanlı jurnalist Çingiz Mustafayev tərəfindən lentə alınaraq o vaxt Rusiya televiziyasında nümayiş etdirilib. Yazıçı qonaqları özünün “Qarabağın qanlı burulğanı” adlı kitabı barədə məlumatlandırıb və bildirib ki, kitab üzərində işləyərkən bu hadisələri ətraflı öyrənib və bu kontekstdə Azərbaycan Respublikasının ovaxtkı hakimiyyətinin səhlənkarlığını qeyd edib. Yazıçı həmin qəddarlıqda Ermənistanın gələcək müdafiə naziri Seyran Ohanyanın, Ermənistanın gələcək prezidentləri Robert Koçaryan və Serj Sarkisyanın bilavasitə iştirak etdiklərini tədbirə toplaşanların diqqətinə çatdırıb, həmçinin Azərbaycanın hakimiyyət orqanlarının bu yaxınlarda Ermənistanın adları çəkilən keçmiş rəhbərlərinin axtarışa verilməsi barədə qərarının elan edilməsinin vacibliyini vurğulayıb. Onların dinc sakinlərə qarşı törətdikləri əmələ görə Haaqada beynəlxalq məhkəmə qarşısında cavab vermələrinin vaxtı çatıb.
RAGB-nin fəalı, həkim və 30 il bundan əvvəl baş verən faciəli hadisələrin şahidi Orxan Kərimov onun doğma kəndi Qaradağlıda baş verənlər barədə özünün acı xatirələrini bölüşüb. Qeyd edib ki, onun yaxın və doğmaları arasında da Vətən uğrunda canlarından keçən şəhidlər var. Orxan Kərimov tarix və gələcək naminə o qanlı günlərin xatirəsinin qorunub saxlanmasının vacibliyini xüsusi vurğulayıb.
Tədbirdə Xocalı soyqırımının 30-cu ildönümünə həsr olunmuş “Remember” adlı yeni videoklip təqdim edilib.
Konfransın sonunda Polad Bülbüloğlu iştirakçılara minnətdarlıq edərək onları Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Federasiyasına uğurlu rəsmi səfəri barədə məlumatlandırdı. Səfir səfər çərçivəsində Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında imzalanan müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamənin əhəmiyyətini qeyd etdi. O bildirdi ki, bu sənəd ölkələrimiz arasında ikitərəfli münasibətləri keyfiyyətcə yeni səviyyəyə çıxarıb və yaxın illərdə əməkdaşlığın əsas istiqamətlərini müəyyən edib.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva

Xocalı faciəsi 2022-02-26 14:19:00