×
A
A
A
Sazlamalar

Xocalı soyqırımının gənclərimiz tərəfindən dərindən araşdırılması gələcəyimiz baxımından vacibdir

İstanbul, 26 fevral, AZƏRTAC
İstanbulda Xocalı soyqırımının 30-cu ildönümünə həsr olunmuş konfrans və fotosərgi təşkil olunub.
AZƏRTAC xəbər verir ki, tədbir “İslahatçı Gənclər” İctimai Birliyi və İstanbulun Ümraniyə Bələdiyyəsinin birgə təşkilatçılığı, Azərbaycanlı Tələbələr və Məzunlar Platformasının (ASAP) dəstəyi ilə baş tutub.
Tədbirdə Ümraniyə Bələdiyyəsinin sədri İsmet Yıldırım, Azərbaycanın İstanbuldakı baş konsulluğunun konsulu Zaur Allahverdizadə, “İslahatçı Gənclər” İctimai Birliyinin sədri Fərid Şahbazlı və digərləri iştirak ediblər.
Mərasimdə çıxış edənlər Xocalı soyqırımı zamanı azərbaycanlılara qarşı törədilən qətliamdan danışıb, baş verən hadisəyə dünya miqyasında hüquqi-siyasi qiymət verilməsinin vacibliyini vurğulayıblar.
Bildirilib ki, bu il Xocalı soyqırımının 30-cu ildönümü böyük kədərlə yanaşı, eyni zamanda, qürur hissi ilə anılır. Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən Vətən müharibəsində ölkəmiz öz ərazi bütövlüyünü bərpa edib. Əldə edilən tarixi Qələbə ilə Azərbaycanın ərazi bütövlüyü uğrunda həyatını itirən bütün həmvətənlərimizin, o cümlədən Xocalı qurbanlarının qisası alınıb.
Azərbaycanla yanaşı, Türkiyə ictimaiyyəti, eləcə də gənclərimizin Xocalıda baş verən bu soyqırımı aktını dərindən araşdırmasının gələcəyimiz baxımından vacibliyini vurğulayan natiqlər 26 fevral gecəsi baş verən dəhşətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın başlatdığı "Xocalıya ədalət!” kampaniyasının mühüm rolunu xüsusi qeyd ediblər.
Natiqlər Azərbaycan-Türkiyə arasında tarixi dostluq münasibətlərinə diqqət çəkərək iki ölkə arasında əlaqələrin bütün dünya üçün nümunə olduğunu deyiblər.
Sonra Xocalı soyqırımına həsr olunan sərgi nümayiş olunub.

Günel Məlikova

AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul

Xocalı faciəsi 2022-02-26 07:41:00