×
A
A
A
Sazlamalar

Xocalı soyqırımı haqqında məlumatların Vyetnamda yayılmasının vacibliyi vurğulanıb

Pekin, 26 fevral, AZƏRTAC
Xocalı soyqırımının 30-cu ildönümü ilə əlaqədar Hanoy şəhərində Azərbaycanın Vyetnamdakı səfirliyi tərəfindən videokonfrans formatında dəyirmi masa keçirilib.
Səfirlikdən AZƏRTAC-a bildirilib ki, tədbirdə Vyetnamın dövlət qurumlarının rəsmiləri, diplomatik korpusun üzvləri, bir sıra beyin mərkəzlərinin və təhsil ocaqlarının rəhbərləri, media nümayəndələri iştirak ediblər. Azərbaycanın Vyetnamdakı səfiri Anar İmanov Azərbaycana qarşı təcavüz zamanı Ermənistan silahlı qüvvələrinin insanlığa qarşı çox sayda cinayətlər törətdiyini, bunun sübutu olaraq 44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycanın işğaldan azad olunmuş ərazilərində kütləvi məzarların aşkar olunduğunu deyib, Birinci Qarabağ müharibəsi zamanı 4000-dən çox azərbaycanlının itkin düşdüyünü diqqətə çatdırıb. O, Xocalı soyqırımı barədə ətraflı məlumat verərək, erməni hərbi qüvvələrinin yüzlərlə dinc sakini, o cümlədən uşaq və qadınları xüsusi amansızlıqla qətlə yetirdiyini bildirib. Xocalı soyqırımı barədə beynəlxalq ictimaiyyətin məlumatlandırılmasının vacibliyini qeyd edən diplomat, bu xüsusda “Xocalıya ədalət!” beynəlxalq kampaniyasının əhəmiyyətindən danışıb.
A.İmanov erməni cinayətkarlarının hökmən beynəlxalq hüquqi məsuliyyətə cəlb olunmasının vacibliyini vurğulayıb, əks halda bunun cəzasızlığın təntənəsi olduğunu və dünyanın bir sıra regionlarında oxşar hadisələrin törədilməsinə zəmin yaratdığını diqqətə çatdırıb. O, Xocalıda insanlığa qarşı törədilən cinayətlərə lazımi siyasi və hüquqi qiymət verilməsi məqsədilə beynəlxalq ictimaiyyətin qətiyyətli mövqe nümayiş etdirməsinin vacibliyini vurğulayıb. Səfir soyqırımı cinayətlərinə görə günahkar şəxslərin məsuliyyətə cəlb olunması ilə bağlı Azərbaycanın mövcud beynəlxalq mexanizmlərdən istifadə edilməsinə və müvafiq beynəlxalq konvensiyalara əsasən Xocalı soyqırımına siyasi və hüquqi qiymət verilməsinə nail olunacağına əminliyini ifadə edib.
Tədbirdə Xocalı soyqırımına həsr olunmuş videomaterial nümayiş etdirilib, Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Dəyirmi masada Azərbaycan Elmi, Mədəniyyəti və Tarixi üzrə Mərkəzin rəhbəri Dao Xuan Tien, Beynəlxalq Frankofoniya İnstitutunun rektoru Nqo Tu Lap, Vyetnam Diplomatik Akademiyasının keçmiş rektor müavini və hazırda baş lektoru Le Thanh Binh, Vyetnam Jurnalistika və Kommunikasiya Akademiyasının Beynəlxalq Əməkdaşlıq İdarəsinin müdiri Nquyen Nqoc Oanh çıxış ediblər. Natiqlər Xocalı soyqırımı cinayətinin beynəlxalq ictimaiyyət tərəfindən pislənməsinin və cinayətkarların cəzalandırılmasının gələcəkdə bu cür qanlı hadisələrin təkrarlanmaması üçün vacib olduğunu bildiriblər. Onlar BMT-nin “Soyqırımı Cinayətlərinin Qarşısının alınması və Cəzalandırılması haqqında” Konvensiyasına, habelə digər beynəlxalq konvensiyalara əsasən, Xocalıda baş vermiş qətliamın məhz soyqırımı olduğunu və buna görə də məsuliyyət daşıyanların beynəlxalq hüquqa uyğun olaraq cəzalandırılmalarını vurğulayıblar.
Xocalı soyqırımı ilə yanaşı indiyədək baş vermiş digər soyqırımı cinayətlərindən nəticə çıxarılmasının, insanlıq əleyhinə cinayətlərin qarşısının alınmasının, siyasi və hüquqi qiymətləndirilmənin yollarının müəyyənləşdirilməsinin zəruriliyi qeyd olunub.
Tədbir iştirakçıları Xocalı soyqırımı haqqında məlumatların Vyetnamda yayılmasının, ölkə ictimaiyyətinin Azərbaycan xalqına qarşı törədilmiş bu qanlı cinayət barədə daha geniş şəkildə məlumatlandırılmasının vacibliyini vurğulayıblar.
Müzakirələr zamanı Xocalı soyqırımının dünyanın müxtəlif bölgələrində, o cümlədən Vyetnamda törədilmiş soyqırımı cinayətləri ilə paralelləri aparılıb, tarixində bir çox qanlı hadisələrlə üzləşmiş Vyetnam xalqının Azərbaycanı çox yaxşı anladığı qeyd olunub.

 

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri
Pekin

Xocalı faciəsi 2022-02-26 06:14:00