×
A
A
A
Sazlamalar

Pakistanda Xocalı soyqırımı ilə bağlı qrafik dizayn üslubunda sənət əsərinin açılışı olub

İslamabad, 26 fevral, АZƏRTAC
İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumunun Avrasiya üzrə Regional Mərkəzinin təşəbbüsü və Azərbaycanın Pakistandakı səfirliyinin təşkilatçılığı ilə İslamabad şəhərinin ən işlək küçələrinin birində yerləşən Dövlət Politexnik İnstitutunun (DPİ) divarında Xocalı soyqırımı ilə bağlı qrafik dizayn üslubunda çəkilmiş əsərin açılış mərasimi olub.
AZƏRTAC xəbər verir ki, bununla əlaqədar təşkil olunan tədbirə Azərbaycanın Pakistandakı səfiri Xəzər Fərhadov, DPİ-nin direktoru xanım Şabana Arif, Davamlı inkişaf üçün Qlobal Strateji İnstitutun icraçı direktoru, Pakistan-Azərbaycan Tələbə Assosiasiyasının rəhbəri (PAAA) Qeysər Navab, səfirliyin əməkdaşları, Dövlət Politexnik İnstitutunun tələbələri, müxtəlif universitetlərin müəllim-tələbə heyəti qatılıblar.
Təqdim olunan əsərdə Xocalı soyqırımının simvolu olan Ana Fəryadı abidəsi və badam ağacı əks olunub, həmçinin “26 Fevral 1992”, “Xocalı soyqırımı”, “İnsanlığa qarşı cinayət” ifadələri qeyd edilib.
Açılış mərasimindən sonra səfirlik tərəfindən DPİ-də Xocalı soyqırımının 30-cu ildönümünə həsr olunan seminar və fotosərgi təşkil olunub.
Tədbirdən öncə Ermənistanın Azərbaycanın dinc əhalisinə qarşı törətdiyi Xocalı soyqırımını əks etdirən fotosərgiyə baxış keçirilib və soyqırımı qurbanlarının əziz xatirəsinə Dövlət Politexnik İnstitutunun həyətində ağac əkilib.
Hər iki ölkənin dövlət himnlərinin səsləndirilməsindən və Xocalı soyqırımı qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsindən sonra Şabana Arif çıxış edərək ermənilər tərəfindən Azərbaycanın mülki əhalisinə qarşı törədilmiş Xocalı soyqırımının bəşəriyyətə qarşı cinayət olduğunu bildirib və Ermənistanın işğalçılıq siyasətini qəti şəkildə pisləyib. O, Xocalı faciəsi qurbanlarını hörmətlə yad etdiyini, Azərbaycan xalqı ilə həmrəy olduğunu vurğulayıb.
Azərbaycanın Pakistandakı səfiri Xəzər Fərhadov Xocalı soyqırımı haqqında ətraflı məlumat verib, bu soyqırımının təkcə Azərbaycana qarşı yox, bəşəriyyətə qarşı törədilmiş ən ağır cinayətlərdən biri olduğunu vurğulayıb. Azərbaycanın ümummilli lideri Heydər Əliyevin təşəbbüsü ilə 1994-cü ilin fevral ayında Azərbaycan Milli Məclisinin Xocalı soyqırımına hüquqi və siyasi qiymət verən xüsusi sənəd qəbul etdiyini bildirib.
Həmçinin Heydər Əliyev Fondunun vitse-prezideni Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya Ədalət!” beynəlxalq kampaniyasına toxunan X.Fərhadov bu istiqamətdə fond tərəfindən dünyada aparılan genişmiqyaslı fəaliyyətdən bəhs edib və Xocalı faciəsinin Pakistan daxil olmaqla bir sıra dövlətlər və müxtəlif beynəlxalq təşkilatlar tərəfindən soyqırımı kimi tanındığını söyləyib.
Səfir Ermənistan tərəfindən Azərbaycanın dinc əhalisinin məqsədyönlü şəkildə hədəfə alınmasının Vətən müharibəsi zamanı da davam etdiyini vurğulayıb, döyüşlərin getdiyi ərazilərdən uzaq məsafədə yerləşən Gəncə, Bərdə və Tərtər şəhərlərinin mülki əhalisini və infrastrukturunu məqsədli şəkildə hədəfə alan Ermənistanın 1992-ci ildə olduğu kimi, eyni terror taktikasına əl atdığını diqqətə çatdırıb.
X.Fərhadov təcavüzkar Ermənistanın törətdiyi müharibə cinayətlərinə görə məsuliyyət daşıyanların cəzalandırılmasının vacibliyini vurğulayıb.
Səfir Azərbaycanın beynəlxalq hüquq normalarına əsaslanan mövqeyini hər zaman dəstəklədiyinə, eləcə də Pakistan Milli Assambleyasında, Pakistan Senatının və Assambleyanın müxtəlif daimi komitələrində, Pakistanın Xeybər-Paxtunxva əyalətinin Assambleyasında Xocalı soyqırımının tanınmasına görə Pakistan hökumətinə və xalqına təşəkkürünü bildirib.
Qeysər Navab və həmin İnstitutun direktoru Şakil Əhməd Xocalı soyqırımı barədə söhbət açaraq ermənilər tərəfindən Azərbaycanın dinc əhalisinə qarşı törədilmiş cinayətləri pisləyiblər. Onlar Pakistan xalqının hər zaman Azərbaycan xalqının yanında olduğunu bildirib və Xocalı soyqırımı qurbanlarını hörmətlə andıqlarını ifadə ediblər.
Tədbirdə Xocalı soyqırımı, eləcə də Azərbaycanla bağlı əyani materiallar iştirakçılar arasında paylanıb.

 

Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
İslamabad

Xocalı faciəsi 2022-02-26 02:44:00