×
A
A
A
Sazlamalar

Daxili İşlər Nazirliyində Xocalı faciəsi qurbanlarının xatirəsi yad edilib

Bakı, 25 fevral, AZƏRTAC

Fevralın 25-də Daxili İşlər Nazirliyinin Şəxsi Heyətlə İş İdarəsində 1992-ci il fevralın 25-dən 26-na keçən gecə törədilmiş Xocalı faciəsi zamanı şəhid olmuş polis əməkdaşlarının ailə üzvlərinin iştirakı ilə anım mərasimi keçirilib.
DİN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, əvvəlcə tədbir iştirakçıları işğalçılarla qeyri-bərabər döyüşlərdə qəhrəmancasına həlak olan 17 polis əməkdaşının, soyqırımına məruz qalmış xocalılıların, eləcə də ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olmuş həmvətənlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
İdarə rəisi, polis polkovniki Elçin Məmmədli xalqımızın son iki əsrdə erməni millətçiləri tərəfindən dəfələrlə soyqırımına məruz qaldığını, 30 il əvvəl Xocalıda növbəti belə faciə ilə üzləşdiyini bildirib. Yalnız ulu öndər Heydər Əliyevin ali hakimiyyətə qayıdışından sonra bu məsələyə prinsipial şəkildə yanaşıldığı, soydaşlarımıza qarşı qəddarcasına törədilən dəhşətli qətliama məhz onun qətiyyəti sayəsində obyektiv hüquqi-siyasi qiymət verildiyi vurğulanıb.
Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığı ilə bu faciənin bütün dünyada tanınması istiqamətində görülən işlər, eyni zamanda, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başladılan “Xocalıya ədalət!” kampaniyası çərçivəsində mütəmadi şəkildə həyata keçirilən tədbirlər nəticəsində erməni millətçilərinin, lobbisinin və havadarlarının bu istiqamətdəki səylərinin puç olduğu, yalan və saxtakarlıq üzərində qurulmuş təbliğatlarının iflasa uğradığı qeyd olunub.
O, qəhrəman şəhərin müdafiəsi zamanı şəhid olmuş polis əməkdaşlarının ailə üzvlərinə Azərbaycan Respublikasının daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun adından bir daha başsağlığı verib, onların problemləri və qayğıları ilə maraqlanıb, qaldırılan məsələlərin tezliklə həlli istiqamətində müvafiq tədbirlərin görüləcəyini bildirib.
Tədbirdə iştirak edən şəhid ailələri onlara göstərilən diqqətə, qayğıya, həmçinin əvvəlki görüşlərdə qaldırılan bir çox problemlərin həllinə görə ölkə və DİN rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

Xocalı faciəsi 2022-02-25 19:53:00