×
A
A
A
Sazlamalar

Xocalı qətliamına hələ də beynəlxalq hüquqi qiymət verilməyib VİDEO

Praqa, 25 fevral, AZƏRTAC

Azərbaycan Respublikasının Çex Respublikasındakı səfirliyinin təşkilatçılığı ilə Praqa şəhərində Xocalı faciəsinin 30-cu ildönümünə həsr olunmuş “Lidiçe və Xocalı – qətliam qurbanları” adlı tədbir keçirilib. Tədbirdə Azərbaycanın Xalq rəssamı Əşrəf Heybətovun Xocalı soyqırımına həsr etdiyi rəsm əsərlərinin sərgisi açılıb.
Praqanın mədəniyyət abidəsi sayılan Luçerna Sarayında baş tutan tədbirdə ölkənin siyasi elitasının nümayəndələri, Çexiya parlamentinin üzvləri, 15 ölkənin Çexiyada akkreditə olunmuş səfirləri və diplomatları, ictimaiyyət nümayəndələri, habelə Azərbaycan diaspor nümayəndələri və tələbələr iştirak ediblər.
AZƏRTAC xəbər verir ki, tədbiri açan səfir Adış Məmmədov Xocalı soyqırımı barədə ətraflı məlumat verərək, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı birləşmələrinin Azərbaycanın Xocalı şəhərini işğal etdiyini və çoxlu sayda mülki şəxsi, əsasən uşaq və qadınları qətlə yetirdiyini bildirib. O, Ermənistan silahlı qüvvələrinin azərbaycanlılara qarşı törətdiyi vəhşiliklərdən söz açaraq, soydaşlarımızın xüsusi qəddarlıq və amansızlıqla qətlə yetirildiyini diqqətə çatdırıb və bütün bu hadisələrin XX əsrdə beynəlxalq hüququn və beynəlxalq institutların artıq təsbit olunduğu bir vaxtda baş verməsinin təəssüf doğurduğunu qeyd edib. A.Məmmədov tarixdə baş vermiş bir sıra qətliamları, o cümlədən faşist Almaniyası tərəfindən 1942-ci ildə Çexiyanın Lidiçe şəhərindəki qətliamı törədənlərin beynəlxalq məhkəmələr qarşısına çıxarılaraq layiqli cəzalarını almalarına baxmayaraq, Xocalı qətliamı ilə bağlı hələ də beynəlxalq hüquqi qiymətin verilmədiyini diqqətə çatdırıb.
Sonra A.Məmmədov bütün bunlara baxmayaraq, dünyanın bir sıra ölkələrinin parlamentləri tərəfindən Xocalı qətliamına siyasi qiymətin verildiyini, bu xüsusda Çex Respublikasının Parlamentinin Deputatlar Palatasının Xarici Əlaqələr Komitəsi tərəfindən də 2013-cü ildə Xocalı qətliamını pisləyən müvafiq qətnamənin qəbul edildiyini bildirib və buna görə Çexiya Parlamentinə təşəkkürünü ifadə edib.
Çex Respublikasının keçmiş Baş naziri Petr Neças çıxış edərək, 30 il öncə Azərbaycanın Xocalı şəhərində baş vermiş qətliamı, günahsız mülki insanların yaşadığı dəhşətləri kadrlarda gördüklərini diqqətə çatdırıb. O, qadınlar və uşaqlar da daxil olmaqla, 613 günahsız insanın qətlə yetirilməsinin insanlıq əleyhinə cinayət olduğunu vurğulayaraq, bu kimi qətliam və cinayətləri qətiyyətlə pislədiyini bildirib. Petr Neças Azərbaycan xalqına başsağlığı verərək, həmrəyliyini ifadə edib.
Tədbirdə, Plzen Konservatoriyasında təhsil alan, bir sıra musiqi müsabiqələrinin qalibi, gənc azərbaycanlı skripkaçı Canel Nəcəflinin ifasında Azərbaycan və Çexiya bəstəkarlarının qətliam qurbanlarının xatirəsinə həsr edilmiş musiqi əsərlərinin nümunələri səsləndirilib. Tədbirdə, həmçinin Lidiçe və Xocalı soyqırımını əks etdirən qısa sənədli filmlər nümayiş etdirilib, səfirlik tərəfindən çex və ingilis dillərində nəşr olunmuş bukletlərin nüsxələri və digər müvafiq məlumatlar tədbir iştirakçılarına təqdim olunub.
Pərvanə Qarayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Praqa 

Xocalı faciəsi 2022-02-25 19:42:00

Video