×
A
A
A
Sazlamalar

Mülki Aviasiya Muzeyində Xocalı qurbanlarının xatirəsi anılıb

Bakı, 25 fevral, AZƏRTAC

Fevralın 25-də Xocalı soyqırımının 30-cu ildönümü ilə əlaqədar “Azərbaycan Hava Yolları” QSC-nin Milli Aviasiya Akademiyasının (MAA) nəzdində fəaliyyət göstərən Mülki Aviasiya Muzeyi tərəfindən tədbir təşkil olunub.
Milli Aviasiya Akademiyasından AZƏRTAC-a bildirilib ki, tədbirdə muzeyin əməkdaşları və akademiyanın tələbələri iştirak etdilər. Əvvəlcə akademiyanın şəhid məzunlarının xatirə lövhəsi ziyarət olunub, lövhənin önünə güllər düzülüb. Daha sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə muzeyin Ekspozisiya və Fond şöbəsinin rəisi Elnaz Osmanova çıxış edərək, 1918-ci ildə və sonrakı dövrlərdə erməni daşnakları tərəfindən Azərbaycan xalqına qarşı törədilmiş vəhşiliklər, soyqırımının tarixi və səbəbləri, eləcə də Qarabağ müharibəsində mülki aviatorlarımızın vətənimizin azadlığı və ərazi bütövlüyü uğurundakı fədakar xidmətləri ilə bağlı geniş məlumat verib. Tədbir Mülki Aviasiya Muzeyinin sifarişi ilə İctimai Televiziyanın “Carçıfilm” studiyası tərəfindən hazırlanmış “Torpaq, səma, od” adlı sənədli filmin nümayişi ilə yekunlaşıb.

Xocalı faciəsi 2022-02-25 19:07:00