×
A
A
A
Sazlamalar

Xocalı soyqırımı ermənilərin insanlıqdan nə qədər uzaq olduqlarının bariz göstəricisidir

Bakı, 25 fevral, AZƏRTAC
Fevralın 25-də Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzində (RSXM) Xocalı faciəsinin 30 illiyinə həsr olunmuş anım mərasimi keçirilib. Əvvəlcə iştirakçılar tərəfindən Xocalı faciəsinin qurbanlarının və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
RSXM-nin informasiya şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, mərkəzin icraçı direktoru, texnika elmləri üzrə fəlsəfə doktoru, dosent Rauf Muradov bildirib ki, Xocalı faciəsi ermənilərin XX əsrdə azərbaycanlılara qarşı törətdiyi ən böyük soyqırımıdır. Xocalı soyqırımı zamanı yaşından, statusundan asılı olmayaraq, azərbaycanlı olan hər kəsin - uşaqların, qadınların, yaşlı insanların ermənilər tərəfindən vəhşicəsinə qətlə yetirildiyini qeyd edən R.Muradov “həmin faciənin törədilməsi insanlığa qarşı ən böyük cinayət idi. Düzdür, ötən əsrdə başqa xalqların, millətlərin nümayəndələri də belə qırğınlara məruz qalıblar. Xocalı faciəsi isə insanlığa sığmayan vəhşilik idi. Bu il Xocalı faciəsinin törədilməsidən 30 il keçir. Biz heç vaxt bu faciəni unutmamalıyıq. Bu cür hadisələr hər zaman insanların yaddaşında qalmalıdır. Çünki bu, bizim qan yaddaşımızdır”, - deyib.
Mərkəzin baş mühəndisi Ramiz İsgəndərov isə öz çıxışında Xocalı faciəsi ərəfəsində Qarabağda gördüyü hadisələr və vəziyyət haqqında danışıb. Onun sözlərinə görə, ermənilərin bu cür insanlığa sığmayan soyqırımı törətməsində xarici havadarlarının da rolu var idi. “İnsan necə vəhşi olmalıdır ki, bu cür qırğınlar törətsin və bunu “biz etdik” desin. Hələ bundan kitab da yazsın”,- deyən R.İsgəndərov Xocalı faciəsini törədən qatillərin öz layiqli cəzalarını alacaqlarına əmin olduğunu bildirib.
İnformasiya şöbəsinin müdiri Vüsalə Rafiqqızı isə XX əsrdə ermənilərin dəfələrlə azərbaycanlılara qarşı qırğınlar törətdiyini diqqətə çatdırıb. “Həmin qırğınlar 1905-ci, 1918-ci illərdə də törədilmişdi. 1948-1949-cu illərdə ermənilər azərbaycanlıları öz dədə-baba yurdlarından zorla deportasiya etmişdilər. Onlara bu işdə keçmiş sovet rəhbərliyi də rəvac vermişdi. Tarix və həyat göstərdi ki, düşmən hər zaman düşməndir. Çünki bizim xalqımıza qarşı ötən əsrin sonlarında qırğınlar törədildi, biz yenidən çoxsaylı faciələr yaşadıq. Xocalı soyqırımı tək bizim üçün deyil, bütünlükdə insanlıq üçün ən böyük faciə idi. Xocalı soyqırımı ermənilərin insanlıqdan nə qədər uzaq olduqlarının bariz göstəricisidir”, - deyən V.Rafiqqızı jurnalist fəaliyyəti zamanı Xocalıda törədilən hadisələrin iştirakçıları olmuş insanların danışdıqları hadisələr barədə də iştirakçıları məlumatlandırıb.
RSXM-nin əməkdaşı Bəxtiyar Xanputov isə çıxışında xalqımıza qarşı törədilən bu cür qırğınların unudulmamasının vacibliyini önə çəkib. O bildirib ki, bu sahədə gənclər daha fəal olmalı və dövlət başçısının apardığı siyasət ətrafında sıx birləşməlidirlər.
Daha sonra İnformasiya şöbəsi tərəfindən hazırlanmış “Qar üstündə qırmızı qan” filmi nümayiş etdirilib.

Xocalı faciəsi 2022-02-25 18:00:00