×
A
A
A
Sazlamalar

Ədəbiyyat Muzeyində elmi sessiya: Xocalı – otuz ilin dərdləri, dərsləri və davam edən mübarizələri

Bakı, 25 fevral, AZƏRTAC

Fevralın 25-də AMEA-nın Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində Xocalı faciəsinin 30-cu ildönümünə həsr olunmuş “Xocalı – otuz ilin dərdləri, dərsləri və davam edən mübarizələri” mövzusunda elmi sessiya keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Ədəbiyyat Muzeyinin baş direktoru akademik Rafael Hüseynov “Xocalı – otuz ilin dərdləri, dərsləri və davam edən mübarizələri” mövzusunda məruzə ilə çıxış edib. Rafael Hüseynov 1992-ci il fevralın 25-dən 26-na keçən gecə sovet ordusunun hərbi qüvvələri və erməni silahlı birləşmələrinin Azərbaycan xalqına qarşı törətdikləri Xocalı soyqırımının insanlığa və bəşəriyyətə qarşı yönəldilmiş ən ağır cinayətlərdən biri olduğunu söyləyib.
Akademik bəşəriyyətə, insanlığa qarşı törədilən cinayətlərin cəza müddətinin olmadığını bildirib: “Zaman, illər keçsə də, həmin cinayətlərin cəzası verilir və verilməlidir. Otuz il bundan əvvəl ermənilərin xalqımıza qarşı həyata keçirdikləri bu cinayətin də cəza müddəti yoxdur. Cinayəti törədənlər, onun icraçıları gələcəkdə də öz cəzalarını alacaqlar. Xocalı soyqırımı zamanı 106 qadın, 63 uşaq, 70 qoca olmaqla 613 şəxs ağlasığmaz vəhşiliklə qətlə yetirildi, 487 dinc sakin ağır yaralandı, 1275 nəfər isə girov götürüldü. 63 uşağın öldürülməsi isə gələcəkdə 63 ailənin, nəsillərin məhv olması idi. Bu cinayət məhz onların azərbaycanlı olduqlarına görə törədilmişdi”.
XX əsrdə Azərbaycan xalqının bir neçə dəfə faciə və soyqırımına məruz qaldığını deyən Rafael Hüseynov Xocalı hadisələrinin də dünya ictimaiyyətinə təfərrüatı ilə çatdırılmasının vacibliyini vurğulayıb. O, uzun illər dünya ictimaiyyətinin xəbərsiz qaldığı Xocalı soyqırımının miqyasının, dəhşətlərinin beynəlxalq aləmdə tanıdılması prosesinin artıq öz bəhrələrini verdiyini vurğulayıb. Bildirilib ki, artıq dünyanın ən müxtəlif ölkələrində fevral ayının 25-də və 26-da yürüşlər, mitinqlər keçirilir, toplantılar təşkil edilir. Avropa, Asiya və Amerikanın bir çox şəhərlərində Xocalı soyqırımının 30-cu ildönümü ilə bağlı tədbirlər keçirilir, sənədlər imzalanır.
Rafael Hüseynov Azərbaycanın məruz qaldığı soyqırımları ilə bağlı həqiqətlərin dünyaya çatdırılması istiqamətində uzun zaman imkanların məhdud olduğunu deyib, ilk dəfə 2001-ci ildə İlham Əliyevin hələ Avropa Şurası Parlament Assambleyasındakı Azərbaycan nümayəndə heyətinin rəhbəri olarkən onun təşəbbüsü ilə hazırlanmış “Azərbaycan xalqına qarşı Ermənistanın törətdiyi soyqırımlarının tanınması haqqında” tövsiyə üçün qətnaməni diqqətə çatdırıb. Vurğulanıb ki, bu, dünya miqyasında, beynəlxalq təşkilatlar çərçivəsində Azərbaycana qarşı törədilmiş soyqırımları əhatə edən ilk rəsmi sənəd idi. Həmçinin Xocalı soyqırımının dünyaya bəyan edilməsində beynəlxalq təşkilatlar çərçivəsində ilk rəsmi sənəd idi.
Qeyd edilib ki, artıq bu gün dünya ictimaiyyəti Xocalı soyqırımı, onun miqyası barədə məlumatlandırılır: “Bu günlərdə Avropa Şurası Parlament Assambleyasında Xocalı soyqırımının 30 illiyi ilə əlaqədar yazılı bəyanat yayılıb. Bəyanata Azərbaycan, Türkiyə, Bosniya və Herseqovina, Fransa, İtaliya, Bolqarıstan və Ukraynadan olan 25 deputat imza atıb. Sənəddə 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı birləşmələri keçmiş SSRİ-nin 366-cı motoatıcı alayının dəstəyi ilə Azərbaycanın Xocalı şəhərinə hücum edərək yerli sakinlərə qarşı həyata keçirdikləri soyqırımı barədə məlumatlar əksini tapıb”.
Akademik Xocalı soyqırımının dünya ictimaiyyətinə çatdırılmasında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşkilatçılığı ilə son illərdə getdikcə daha artıq vüsət alan və təbliğat baxımdan mühüm nəticələri olan “Xocalıya ədalət!” beynəlxalq kampaniyasını xüsusi vurğulayıb. Qeyd edilib ki, “Xocalıya ədalət!” beynəlxalq kampaniyası çərçivəsində bu gün dünyanın böyük şəhərlərində müxtəlif tədbir və yürüşlər keçirilir, faciəni əks etdirən abidələr ucaldılıb.
Müxtəlif zamanlarda xalqımıza qarşı törədilən soyqırımı və faciələrdən söz açan Rafael Hüseynov bildirib ki, nə 1918-ci il mart qırğınları, nə 20 Yanvar faciəsi, nə də Xocalı soyqırımı xalqımızın azadlıq uğrunda mübarizə əzmini qıra bilmədi. Bütün çətinliklərə baxmayaraq, hər zaman xalqımız yenilməzlik nümayiş etdirdi.
“Xocalı faciəsi milli tariximizin sağalmayan bir yarasıdır”, - deyən akademik insanlığa qarşı törədilən cinayətin xalqımız tərəfindən heç zaman unudulmayacağını söyləyib.
Elmi sessiyada muzeyin Qadınlar Təşkilatının sədri filologiya üzrə fəlsəfə doktoru Sevinc Heydərovanın “Təqvimin unudulmayan səhifəsi” mövzusunda məruzəsi dinlənilib.
Tədbirdə “Xocalıya ədalət!” kampaniyası çərçivəsində çəkilmiş “Xocalı nişanəsi” bədii-sənədli qısametrajlı filmi nümayiş olunub.

 

Elm və təhsil 2022-02-25 17:36:00