×
A
A
A
Sazlamalar

Florida Beynəlxalq Universitetinin tələbələri Xocalı soyqırımı haqqında məlumatlandırılıb

Bakı, 25 fevral, AZƏRTAC

ABŞ-ın Florida Beynəlxalq Universitetində Xocalı soyqırımının 30-cu ildönümü ilə əlaqədar təqdimat mərasimi keçirilib.
Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, tədbirdə universitetin professor-müəllim, tələbə heyəti, Azərbaycanın ABŞ-dakı səfirliyinin və Türkiyənin Mayamidəki baş konsulluğunun diplomatları iştirak ediblər.
ABŞ-da Azərbaycan Tələbə Təşkilatının həmtəsisçisi, Florida Beynəlxalq Universitetinin Siyasi elmlər və beynəlxalq münasibətlər fakültəsinin tələbəsi Aydın Eminov bəşəriyyət tarixinin ən dəhşətli faciələrindən biri olan Xocalı soyqırımı haqqında ətraflı təqdimatla çıxış edib. Erməni cəlladlarının 1992-ci il fevralın 25-dən 26-na keçən gecə vəhşicəsinə öldürdüyü 613 nəfər, o cümlədən 63 uşaq, 106 qadın və 70 ahıl barədə faktlara, ABŞ mediasında bu faciə haqqında yayımlanan xəbərlərə diqqəti cəlb edən soydaşımızın çıxışı zamanı Xocalıda lentə alınan görüntülər və şəkillər nümayiş etdirilib.
Diqqətə çatdırılıb ki, Xocalı faciəsinin soyqırımı aktı olması faktı dünyanın bir çox ölkələrinin və beynəlxalq təşkilatların qərar və qətnamələrində əksini tapıb. Dünyanın 13 ölkəsi, ABŞ-ın 24 ştatı parlament səviyyəsində və İslam Əməkdaşlıq Təşkilatı Xocalı soyqırımını rəsmən tanıyıb.
Bundan başqa, qeyd edilib ki, tarixin müxtəlif dövrlərində Azərbaycan xalqı ermənilər tərəfindən soyqırımı, etnik təmizləmə və terror aktlarına məruz qalıb.
Tədbir çərçivəsində təşkil olunan anım guşəsində Xocalı faciəsi haqqında kitablar, broşürlər və fotosərgi nümayiş etdirilib, soyqırımı qurbanlarının xatirəsinə şamlar yandırılıb.

 

Xocalı faciəsi 2022-02-25 16:25:00