×
A
A
A
Sazlamalar

Şamaxıda videokonfrans: “Xocalı faciəsini unutma!”

Şamaxı, 25 fevral, AZƏRTAC
İsmayıllı Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Şamaxı rayon Heydər Əliyev Mərkəzinin və ADPU-nun Şamaxı filialının birgə təşkilatçılığı ilə “Xocalı faciəsini unutma!” adlı videokonfrans keçirilib. Videokonfransda universitetin müəllim və tələbə heyəti, mədəniyyət müəssisələrinin əməkdaşları iştirak ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, videokonfransı Şamaxı rayon Heydər Əliyev Mərkəzinin direktoru Könül Eyvazova açaraq, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı qüvvələrinin Xocalıda törətdikləri vəhşiliklərdən danışıb, aralarında uşaqların, qadınların, qocaların da olduğu 613 nəfər dinc sakinin amansızca qətlə yetirildiyini söyləyib, faciənin tariximizin qanlı səhifəsi olduğunu, yaddaşımızdan heç vaxt silinməyəcəyini vurğulayıb.
Videokonfransda Əməkdar jurnalist, YAP Veteranlar Şurasının üzvü Tahir Məmmədli, ADPU-nun sosial və humanitar məsələlər üzrə direktor müavini Şəlalə Seyidova, dil-ədəbiyyat kafedrasının müəllimi Sevinc Baxşıyeva, sosial və pedaqoji elmlər kafedrasının müəllimi Səməngül Rzayeva, dil-ədəbiyyat müəllimliyi ixtisasının birinci kurs tələbəsi Nuranə Mirzəyeva, Heydər Əliyev Mərkəzinin əməkdaşı Nuridə Qədirova çıxış ediblər. Çıxışlarda bildirilib ki, təkcə Azərbaycan tarixinin deyil, bəşər tarixinin ən dəhşətli faciələrindən olan Xocalı soyqırımı cinayətkar, faşist xislətli erməni daşnakların xalqımıza qarşı məkrli niyyətinin nəticəsidir. İşğal etdiyi ərazilərdə etnik təmizləmə siyasəti aparan Ermənistan silahlı qüvvələri 1992-ci ilin qarlı qış gecəsi Xocalı şəhərində misli görünməmiş vəhşilik, soyqırımı törədib. Evlərə od vurulub, rəhm diləyən qadına, qocaya, xəstəyə aman verilməyib. Uşaqlar valideynlərin gözləri qarşısında xüsusi qəddarlıqla qətlə yetirilib. 613 nəfər vəhşicəsinə qətlə yetirilib, 1275 nəfər girov götürülüb, 8 ailə tamamilə məhv edilib.
Bildirilib ki, Xocalı soyqırımına hüquqi-siyasi qiymət verilməsi ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Məhz onun təşəbbüsü ilə 1994-cü il fevralın 24-də Milli Məclisdə hər il fevralın 26-nın Xocalı soyqırımı günü kimi qeyd olunması barədə qərar qəbul olunub, 1995-ci il fevralın 24-də isə dünya parlamentlərinə və beynəlxalq təşkilatlara Xocalı soyqırımının tanınması ilə bağlı müraciət qəbul edilib.
Videokonfransda vurğulanıb ki, 2020-ci ildə tarixi qələbə ilə başa çatan 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusu 30 il işğal altında qalan torpaqlarımızı azad etməklə yeni reallıq yaratdı. 44 günlük müharibədə misilsiz igidlik göstərən qəhrəman ordumuz Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Xocalı faciəsi qurbanlarının da qisasını aldı.
Sonda universitetin tələbələrinin ifasında vətənpərvərlik ruhunda şeirlər səsləndirilib.

Regionlar 2022-02-25 15:52:00