×
A
A
A
Sazlamalar

Əlyazmalar institutunda Xocalı faciəsinin qurbanları anılıb

Bakı, 25 fevral, AZƏRTAC
AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda Xocalı soyqırımının 30 illiyi münasibəti ilə anım tədbiri keçirilib.
Öncə faciə qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
AMEA-dan AZƏRTAC-a bildirilib ki, tədbiri giriş nitqi ilə açan Əlyazmalar İnstitutunun baş direktoru akademik Teymur Kərimli faciəni törədən erməni cəlladlarını “patoloji manyak” adlandıraraq xalqımıza qarşı Xocalı soyqırımı kimi vəhşiliyi törədən cəlladlardan müasir dövrdə intiqam almağın ən doğru yolunun bu cinayətin faktlara söykənərək araşdırılması və dünya ictimaiyyətinə çatdırılması olduğunu deyib. Akademik erməni xislətinə xas olan qorxaqlığı, qəddarlığı bir çox klassik şairlərin, yazıçıların da öz əsərlərində təsvir etdiyini qeyd edib və onlardan nümunələr səsləndirib.
Tədbirdə Əlyazmalar İnstitutunun Türkdilli əlyazmaların tədqiqi şöbəsinin aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Aynur Hacıqədirlinin “Xocalının tarixi əhəmiyyəti və geostrateji mövqeyi” və Əlyazmaların elektron resursları şöbəsinin baş mütəxəssisi Vüqar Hacıyevin “Ermənilər Xocalı soyqırımını nə üçün törətdilər?” mövzularında məruzələri dinlənilib.
Əlyazmalar İnstitutunun Ərəbdilli əlyazmaların tədqiqi şöbəsinin müdiri professor Kamandar Şərifov və institutun elmi katibi dosent Əzizağa Nəcəfzadə məruzələr ətrafında çıxış edərək tarix boyu sülh və əmin-amanlıq tərəfdarı olan Azərbaycan xalqının başına gətirilən faciələrdən bəhs edib, ermənilərin Xocalıdakı dinc sakinlərə, qadınlara, qocalara, uşaqlara qarşı törətdikləri insanlığa sığmayan qəddarlıqlarından danışıblar.
Tədbirdə sözləri Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Kitabxana və elmi informasiya şöbəsinin baş mütəxəssisi Xatirə Cabbarzadəyə, musiqisi Əli Behbudzadəyə məxsus “Xocalıya ədalət” musiqi əsərinə çəkilmiş videoçarx nümayiş etdirilib. Mahnı Xalq artisti Gülyaz Məmmədovanın ifasında təqdim olunub.
Daha sonra Əlyazmalar İnstitutunun Kitabxana və elmi informasiya şöbəsinin əməkdaşlarının “Xocalı soyqırımı: əsrin faciəsi” mövzusunda hazırladığı kitab sərgisinə baxış keçirilib.

Elm və təhsil 2022-02-25 15:52:00