×
A
A
A
Sazlamalar

Valeh Hacıyev: Xocalı soyqırımının 30-cu il dönümü ilə əlaqədar dünyanın 40-dan çox ölkəsində tədbirlər keçirilir VİDEO

İstanbul, 25 fevral, AZƏRTAC
Xocalı soyqırımının 30-cu ildönümü ilə bağlı Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsi tərəfindən ümumilikdə dünyanın 40-dan çox ölkəsində 150 tədbir keçirilib və bu tədbirlər davam edir. Dünyanın elə bir ölkəsi yoxdur ki, orada Xocalı faciəsinin qurbanları anılmasın.
Bu fikirləri AZƏRTAC-a müsahibəsində Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Valeh Hacıyev bildirib.
Qardaş Türkiyədə Diaspora Komitəsi ilə yanaşı, Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyası və başqa qurumlar tərəfindən də Xocalı soyqırımı ilə bağlı silsilə tədbirlərin təşkil edildiyini xatırladan V.Hacıyev deyib: "Keçirilən bütün tədbirlərimiz Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ərsəyə gəlir. Türkiyədə keçirilən anım mərasimlərindən bir neçəsi İstanbulda baş tutub. Mərasimlərdə Türkiyədə təhsil alan hərbçilərimiz və qazilərimiz də iştirak edirlər. Bunun da mənası odur ki, ölkə olaraq biz bu gün Azərbaycanın ordu quruculuğuna böyük önəm verir, Ordumuza, dövlətimizə güvənirik. Bu tədbirlərdəki çıxışlarımızda da qeyd etdiyimiz kimi, keçmişini yaddan çıxaran gələcəyini qura bilməz. Biz daim keçmişimizi bilərək yaşadıq. Lakin bu il Azərbaycan xalqı Xocalı soyqırımını qürurla anır. Qırx dörd günlük Vətən müharibəsində əldə edilən tarixi Zəfərdən sonra biz istər Xocalı şəhidlərinin, istərsə də Birinci və İkinci Qarabağ müharibələrində ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən həmvətənlərimizin ruhu qarşısında qürurluyuq. Biz torpaqlarımızı işğaldan azad edərək şəhidlərimizin qisasını aldıq. Yer kürəsinin hər bölgəsində keçirilən bu tədbirlərlə Azərbaycanın və qardaş Türkiyənin problemlərinə ikili standartlarla yanaşan ədalətsiz dünyadan biz "Xocalıya ədalət!" istəyirik. Şükürlər olsun ki, bu gün Xocalı soyqırımı dünyanın bir çox parlamentləri tərəfindən tanınıb. Əminliklə deyə bilərik ki, illər keçdikcə dünyanın daha çox ölkəsi bu qanlı hadisəni məhz soyqırımı olaraq tanıyacaq".
Günel Məlikova
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul

Xocalı faciəsi 2022-02-25 14:38:00

Video