×
A
A
A
Sazlamalar

Xocalı qətliamı təkcə azərbaycanlılara qarşı deyil, ümumilikdə insanlığa qarşı törədilmiş ən dəhşətli cinayətlərdən biridir

Tbilisi, 24 fevral, AZƏRTAC

SOCAR-ın Gürcüstandakı törəmə şirkəti olan “Socar Energy Georgia”nın Tbilisidəki baş ofisində Xocalı soyqırımının 30-cu ildönümü ilə bağlı anım mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, mərasimdə şirkətin baş direktoru Mahir Məmmədov, şirkətin kollektivi, Azərbaycan səfirliyinin məsul əməkdaşları, azərbaycanlı icmanın üzvləri, gürcü elm adamları iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə Heydər Əliyev Fondunun istehsalı olan “Xocalı soyqırımı” sənədli filminə baxıblar.
Sonra faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Mahir Məmmədov tədbirdə çıxış edərək Xocalı faciəsinin əsas səbəblərindən danışıb. Bildirib ki, bu faciə Azərbaycan xalqının tarixinə qanlı səhifə kimi daxil olub. Xatın, Ruanda və Srebrenitsa kimi soyqırımlarla eyni sırada duran Xocalı qətliamı təkcə azərbaycanlılara qarşı deyil, ümumilikdə insanlığa qarşı törədilmiş ən dəhşətli cinayətlərdən biridir.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə 2008-ci ildə başlanılmış “Xocalıya ədalət!” beynəlxalq kampaniyasının ildən-ilə daha da genişləndiyini vurğulayan M.Məmmədov deyib: “Kampaniya çərçivəsində dünya miqyasında aparılmış sistemli fəaliyyət nəticəsində faciə soyqırımı kimi tanınıb və qətiyyətlə pislənilib. Biz SOCAR ailəsi olaraq, Xocalı soyqırımına dünyanın hər bir yerində hüquqi qiymətin verilməsi və günahkarların cəzalandırılmasını tələb edirik. Azərbaycan dövləti və xalqı bu faciəni heç zaman unutmayacaq. Biz də soyqırımına ədalətli qiymətin verilməsi istiqamətində fəaliyyətimizi davam etdirəcəyik”.
Azərbaycanın Gürcüstandakı səfirinin müşaviri Eldar Bayramov çıxışında bildirib ki, Xocalı faciəsinə vaxtında lazımi qiymət verilməməsi daha acı nəticələrə səbəb olub. Xocalı soyqırımının Azərbaycan xalqının nəinki iradə və əzmini qıra bilmədi, əksinə, onu daha da mətinləşdirdi. Azərbaycan xalqı daha çətin sınaqlarda mübarizliyini davam etdirib. Bunun nəticəsində biz torpaqlarımızı erməni işğalından azad etdik və Xocalı soyqırımını törədənlər də layiqli cəzalarını alacaqlar.
E.Bayramov “Xocalıya ədalət!” kampaniyası çərçivəsində dünya miqyasında çox böyük işlərin görüldüyünü, bir sıra ölkələrdə faciənin kütləvi qırğın kimi qiymətləndirildiyini və qınandığını diqqətə çatdırıb. Bildirib ki, Gürcüstan ictimaiyyətində Xocalı soyqırımının pislənilməsi geniş vüsət alır. O, “Socar Energy Georgia” şirkətinin heyətini “Xocalıya ədalət!” kampaniyasına fəal şəkildə qoşulmağa çağırıb: “Bu çağırış təkcə Azərbaycan və Gürcüstanın deyil, bütün Qafqaz və dünya üçündür. Ümidvaram ki, səsimizi ucaltsaq, gələcək nəsillər analoji faciələrlə qarşılaşmayacaqlar”.
Gürcüstanın Suxumi Dövlət Universitetinin professoru, tarixçi alim Quram Marxuliya çıxışında deyib ki, Xocalı faciəsi gözümüz önündə baş verən ən qeyri-insani soyqırımı aktıdır. Bu soyqırımını bağışlamaq və unutmaq olmaz. Günahkarlar hökmən cəzalarını almalıdırlar ki, digər separatçılara da dərs olsun.
Professor tələbələrinə 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalı şəhərində törədilmiş qanlı hadisələr barədə danışdığını və gənclərin faciənin amansızlığından dəhşətə gəldiklərini bildirib: “Ermənilər gürcülərə qarşı da amansızlıqlar törədiblər. Gürcüstan Abxaziyada ermənilərin gürcülərin başına gətirdiyi qəddarlıqları heç vaxt unuda bilməz və unutmamalıdır”.
Sonra Gürcüstanın Azərbaycanlı Ağsaqqallar Şurasının sədri İsak Novruzov, Mirzə Fətəli Axundov adına Azərbaycan Mədəniyyəti Muzeyinin direktoru, Azərbaycanın Əməkdar mədəniyyət işçisi Leyla Əliyeva, “SOCAR Georgia Gas” şirkətinin məsul əməkdaşı Qoça Şanidze çıxış edərək Xocalı faciəsinin Azərbaycan xalqının qan yaddaşı olduğunu, qanlı hadisələrə beynəlxalq aləmdə hüquqi-siyasi qiymətin verilməsinin zəruriliyini vurğulayıblar.

 

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi

20 yanvar 2022-02-24 21:23:00