×
A
A
A
Sazlamalar

Abşeronda Xocalı faciəsi qurbanlarının xatirəsi anılıb

Xırdalan, 23 fevral, Ə.Rzayeva, AZƏRTAC

Abşeron rayonunda Xocalı soyqırımının 30-cu ildönümünə həsr olunmuş anım tədbiri keçirilib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə Azərbaycanın azadlığı, müstəqilliyi və ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhid olan Vətən övladlarının və Xocalı soyqırımı qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Dövlət Himni səsləndirilib, Xocalı soyqırımının xronikasını əks etdirən videoçarx nümayiş olunub.
Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev Azərbaycan tarixində ən qanlı hadisələrdən olan Xocalı soyqırımının ağır nəticələrindən bəhs edərək, ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə Xocalı soyqırımına siyasi-hüquqi qiymət verildiyini, 1994-cü il fevralın 24-də Milli Məclisin “Xocalı Soyqırımı Günü haqqında” qərar qəbul etdiyini bildirib. RİH başçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə həm hüquqi müstəvidə, həm də Xocalı soyqırımı haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində davam etdirilən işləri vurğulayıb, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın gərgin fəaliyyəti, zəhməti nəticəsində haqq səsimizin dünyaya çatdırılması və Xocalı soyqırımının beynəlxalq aləmdə tanıdılması üçün ötən illər ərzində məqsədyönlü fəaliyyət göstərildiyini söyləyib.
Çıxışlarda bildirilib ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda azərbaycanlılara qarşı soyqırımı törədilib. Ümumilikdə şəhərin 5379 nəfər sakini zorakılıqla qovulub, 1275 insan əsir və girov götürülərək işgəncələrə məruz qalıb (onlardan 150 nəfərin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil), 487 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb, 8 ailə tamamilə məhv edilib, 130 uşaq valideynlərdən birini, 25 uşaq isə valideynlərinin hər ikisini itirib. 613 nəfər, o cümlədən 63 uşaq, 106 qadın və 70 qoca işgəncə verilməklə vəhşicəsinə öldürülüb.
Vurğulanıb ki, indiyədək 17 dövlətin milli qanunvericilik orqanı, həmçinin ABŞ-ın 23 ştatı Xocalıda dinc əhalinin qətliamını pisləyən və bunu insanlıq əleyhinə cinayət aktı kimi dəyərləndirən qətnamə və qərarlar qəbul edib. Eyni zamanda, İslam Əməkdaşlıq Təşkilatında və Türk Dövlətləri Təşkilatında Xocalı soyqırımının kəskin şəkildə pislənilməsini ehtiva edən qətnamə və bəyanatlar qəbul olunub.

 

Regionlar 2022-02-23 18:04:00