×
A
A
A
Sazlamalar

Milli radiasiya təhlükəsizliyi monitorinqi sisteminin yaradılması istiqamətində tədqiqatlar aparılır

Bakı, 11 fevral, AZƏRTAC

AMEA İnformasiya Texnologiyaları İnstitutunun onlayn elmi seminarında “AzScienceNet” Şəbəkə İdarəetmə Mərkəzinin rəhbər müavini Tural Mustafayevin “Industry 4.0 platformasında milli radiasiya təhlükəsizliyi monitorinqi sisteminin yaradılması üçün metod və alqoritmlərin işlənilməsi” mövzusunda tədqiqat işi haqqında məruzəsi dinlənilib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, tədqiqatçı işin aktuallığını zəruri edən amillərdən söhbət açıb. Bildirib ki, bunlar ölkədə müxtəlif mənbələrdə meydana gələn radiasiyanın dəqiq və vaxtında qeydiyyatının aparılmaması, meydana gələn radiasiyanın analiz olunması və radiasiya üzrə ölkədəki real vəziyyətin tam, dəqiq və obyektiv ortaya çıxarılmaması, baş verən hər hansı bir radioaktiv prosesə operativ nəzarət edilməsinin vacibliyi, ölkə səviyyəsində radiasiya təhlükəsizliyini həyata keçirən infrastrukturun yaradılmasına ehtiyacın olması və s. ilə əlaqəlidir.
T.Mustafayev tədqiqat işində qoyulmuş məsələləri diqqətə çatdırıb. Qeyd edib ki, bunlara milli radiasiya təhlükəsizliyi monitorinqi sisteminin yaradılmasının elmi-nəzəri problemləri, beynəlxalq təcrübədə istifadə olunan elmi yanaşmalar, metodlar və monitorinq sistemlərinin araşdırılması, radiasiya təhlükəsizliyi monitorinqi sistemlərində standartların, normativ sənədlərin analiz olunması, Azərbaycan təcrübəsində bu sahədə aparılan elmi-tədqiqat işlərinin öyrənilməsi, məkan üzrə elektron rəqəmsal radiasiya xəritələrinin yaradılması və s. daxildir.

Texnologiya 2022-02-11 15:57:00