×
A
A
A
Sazlamalar

COVID-19-la bağlı karantin məhdudiyyətləri nəticəsində havanın keyfiyyəti nəzərəçarpacaq dərəcədə yaxşılaşıb

Madrid, 26 yanvar, AZƏRTAC

COVID-19 pandemiyasının ilk aylarında tətbiq olunan məhdudiyyətlər Avropanın 46 şəhərində havanın keyfiyyətinin yaxşılaşması sayəsində 832 ölüm halının qarşısını almağa imkan verib.
AZƏRTAC xəbər verir ki, bu barədə Barselona Superkompüter Mərkəzinin (BSC-CNS) tədqiqatında bildirilir.
BSC-CNS-in havanın çirklənməsi üzrə mütəxəssisi Oriol Corbun sözlərinə görə, bu, real şəraitdə aparılan eksperiment idi. 2020-ci il fevralın 1-dən iyulun 31-dək - pandemiyanın ilk 6 ayında Avropanın 46 iri şəhərində koronavirusun yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən karantinin təsiri araşdırılıb.
Alimlərin dəyərləndirməsinə görə, bu dövrdə həmin şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşması 832 ölüm hadisəsinin qarşısını almağa imkan verib.
Bu tədqiqata əsasən, Paris, London, Barselona və Milan daha çox ölüm hallarının aradan qaldırılmasına nail olunan şəhərlər sırasındadır.
Əsas nəticə onunla bağlıdır ki, havanın sağlamlıqla ciddi problemlər yaradan əsas çirkləndiricisi azot dioksiddir (NO₂). Bütün Avropa qitəsində bu çirkləndirici maddənin havada qatılığı azalıb, lakin bu kimyəvi birləşmənin ən çox aşağı düşməsi İspaniya, Portuqaliya, Fransa və İtaliyanın iri şəhərlərində qeydə alınıb.
Azot dioksidin gözəçarpan dərəcədə azalmasının əsas səbəbi ondadır ki, ölkənin hakimiyyət orqanlarının tətbiq etdiyi məhdudiyyətlər onun başlıca tullantı mənbəyi olan nəqliyyat sektoruna daha çox toxunub.
Lakin tədqiqat göstərir ki, daxili və beynəlxalq aviareyslərə tətbiq olunan məhdudiyyətlər havanın çirklənməsinin azaldılmasında daha az effektivdir. Aviasiya sektoru şəhərlərdə havanın keyfiyyətinin ümumi səviyyəsinə az təsir göstərir, lakin o, istixana qazları tullantıları ilə bağlı digər problemlər əmələ gətirir.
İspaniyada üç şəhər – Madrid, Barselona və Valensiya şəhərləri tədqiq edilib.
Nigar Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Madrid

Ekologiya 2022-01-26 18:33:00