×
A
A
A
Sazlamalar

Təcavüzkar Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları 20 Yanvar hadisələrinin təməlini təşkil edir

Ankara, 22 yanvar, AZƏRTAC

Azərbaycan xalqının dövlətçilik tarixində 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə paytaxt Bakıda və ölkənin digər bölgələrində sovet qoşunlarının törətdikləri qanlı hərbi cinayət özünəməxsusluğu ilə seçilir. Qeyd olunan fərqi yaradan səbəb belə bir ağır və qanlı cinayətin müasir dövrdə baş verməsidir. Digər məsələ isə məhz sovet qoşunlarının sovet insanlarına (sovet Azərbaycanına) qarşı vəhşi cinayət törətməsi ilə xarakterizə olunur. Bu hadisənin ssenarisinin hazırlanması, cinayətin törədilməsi və ona haqq qazandırılması cəhdləri heç bir siyasi məntiqə sığmayan, siyasi əxlaqa və mənəviyyata uyğun olmayan riyakarlıq idi. Ən dəhşətlisi isə o idi ki, Bakıya daxil olan ordu birləşmələrinin tərkibindəki partizanlar – məqsədyönlü səfərbərliklə toplanmış əsgər briqadaları qadağan olunmuş güllələrdən istifadə etməklə əhaliyə qarşı amansızlıq nümayiş etdiriblər. Bakının işğalında iştirak edən hərbi briqadaların əsas tərkibi Rusiyanın Stavropol və Krasnodar vilayətlərindən səfərbərliyə alınan erməni əsilli partizanlardan ibarət idi. Rəsmi Kreml isə Bakıya qoşun yeridilməsini müxtəlif bəhanələrlə əsaslandırmağa və xüsusi qəddarlıqla törədilmiş qanlı hadisəyə haqq qazandırmağa çalışırdı. Çoxsaylı şahidlərin müsahibə və ifadələri, təkzibolunmaz faktlar, minlərlə fotoşəkillər, dəhşət saçan videomateriallar, jurnalist yazıları və digər sübutlar isə saxta kommunist ideologiyasını və sovet ordusunun əməllərini ifşa etdi. 20 Yanvar faciəsinin törədilməsinin siyasi tərəflərinin təhlilinə keçməzdən əvvəl bu qanlı cinayətin xüsusi ssenari əsasında həyata keçirilməsinə dair bəzi məqamlara diqqət edək. Yanvarın 15-dən (1990) başlayaraq əhali arasında əsas müzakirə mövzusu Bakıya qoşun yeridilib-yeridilməyəcəyi ilə bağlı söhbətlər idi. Sözsüz ki, hər kəs öz mülahizələri ilə danışırdı. Tbilisi və Vilnüsdəki qanlı cinayətlərdən sonra sovet ordusunun növbəti dəfə sovet insanına qarşı cinayət törədəcəyinə inanmaq istəməyənlər də var idi. Lakin Bakıya qoşun yeridildi və qan töküldü.

Bakıya qoşun yeridilməsi məqsədyönlü plan kimi

Ermənistanın Azərbaycana qarşı əsassız ərazi iddiaları bölgəni gərginlik ocağına çevirmişdi. Azərbaycan xalqının haqlı narazılığı eşidilmirdi. Qorbaçov başda olmaqla keçmiş SSRİ-nin sonuncu rəhbərliyinin Ermənistanı bu və ya digər formada dəstəkləməsi gərginliyi daha da artırırdı. 20 Yanvar hadisələrin əsl səbəbləri sadaladığımız bu acı gerçəklər idi.

Beləliklə, Bakının işğalı üçün yazılmış ssenarinin baş tutması üçün aşağıdakı “zəruri tədbirlər” həyata keçirilmişdi:
–Bakıda ictimai asayişin qorunması istiqamətində zəruri tədbirlər görülməmişdi;
–teleradio şirkətinin enerji bloku partladılmış və əhali informasiya blokadasına alınmışdı;
–fövqəladə vəziyyətlə bağlı əhali əvvəlcədən məlumatlandırılmamışdı;
–yerli milis (polis) orqanlarının şəxsi heyəti tam şəkildə tək-silah edilmiş və ictimai asayişin mühafizəsi prosesindən uzaqlaşdırılmışdı;
–xəstəxana və təcili tibbi yardım xidmətlərinə süni problemlər yaradılmışdı;
–təcili tibbi yardım maşınlarına atəş açılmışdı;
–bir sıra xəstəxanaların elektrik enerjisi kəsilmişdi.
Beləliklə, keçmiş SSRİ-nin sonuncu rəhbəri olan M.Qorbaçov və Kremlin digər sovet canişinləri Bakıya və Azərbaycanın digər bölgələrinə qoşun yeritməklə müəyyən məkrli məqsədlər güdürdülər:
– Azərbaycanda fövqəladə vəziyyət elan etmək;
– xalqın mübarizə əzmini qırıb onu sarsıtmaq;
– ölkəni qanunsuz hərbi rejim altında saxlamaqla Azərbaycan əhalisinin erməni təcavüzündən özünümüdafiə tədbirləri həyat keçirməsinə mane olmaq;
– fövqəladə vəziyyət şəraitində Ali Sovetə (parlamentə) seçkilər keçirməklə xəyanətkar oyuncaq parlament formalaşdırmaq;
– siyasi prosesləri siyasi qüvvələrin silahlanmasına yönəltməklə ölkədə anarxiya və xaosa rəvac vermək;
–Ermənistanın təcavüzkar siyasəti ilə üz-üzə qalan Azərbaycan əhalisini müdafiəsiz buraxmaq.

20 Yanvar hadisələrinin baş verməsinin qarşısını almaq mümkün idimi?

Otuz iki il əvvəl Azərbaycan xalqına qarşı törədilən hərbi cinayət onu yumruq kimi birləşdirərək milli azadlıq mübarizəsinin təməlini qoydu Ötən dövrdə “20 Yanvar hadisələrinin baş verməsinin qarşısını almaq mümkün idimi” sualı hər zaman aktuallığını qoruyub. Cavab isə birmənalıdır: 20 Yanvar hadisələri ancaq o halda baş verməyə bilərdi ki, keçmiş SSRİ rəhbərliyi Ermənistanın Azərbaycana qarşı əsassız ərazi iddialarının qarşısını alardı. 300 minə yaxın soydaşımızın Ermənistandan qovulmasına imkan verilməzdi və nəhayət, Ermənistan birtərəfli qaydada silahlandırılmazdı.

Əlbəttə, 20 Yanvar hadisələri hər şeydən əvvəl bütöv bir xalqa, günahsız və dinc insanlara qarşı törədilmiş hərbi cinayətdir. Lakin bununla belə, bu hadisə Azərbaycan xalqının milli azadlıq mübarizəsi salnaməsinə qızıl hərflərlə yazılmış qəhrəmanlıq səhifəsidir. Birmənalı olaraq qeyd etmək lazımdır ki, SSRİ-nin süqutu ərəfəsində ermənilər Azərbaycana qarşı növbəti ərazi iddiaları ilə çıxış etməsəydilər, sovet rəhbərliyi keçmiş Dağlıq Qarabağ məsələsində ədalətsiz mövqe nümayiş etdirib erməniləri əsassız olaraq dəstəkləməsəydi, o zaman 20 Yanvar faciəsi baş verməyəcəkdi. Deməli, 20 Yanvar faciəsi xalqın köləliyə, ədalətsizliyə etiraz aksiyasının nəticəsi idi. 20 Yanvar faciəsinin Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti nəticəsində yaranmış məlum münaqişə ilə əlaqəsinə gəldikdə, bu müqayisədə bir sıra tutarlı tarixi faktlar göstərmək mümkündür. Onlardan biri də 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Ermənistan tərəfinin bütün sərhədboyu Azərbaycana qarşı hücuma keçməsidir. Ermənilərin strateji işğalçılıq niyyətlərindən biri isə Naxçıvan Muxtar Respublikasını zəbt etmək idi. 1990-cı il yanvarın 19-da Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Sədərək qəsəbəsi Ermənistanın Ararat rayonunun Yerarxs kəndi istiqamətindən toplardan atəşə tutulub, sonradan isə qəsəbəyə silahlı basqın edilib. Nəticədə qəsəbədəki şərab zavodu, içi şərabla dolu 2 çən partladılıb, obyektlər yandırılıb, 5 yaşayış evi dağıdılıb, 6 azərbaycanlı qətlə yetirilib, 23 nəfər isə müxtəlif dərəcəli bədən xəsarəti alıb. Əslində, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet qoşunları əliyalın Azərbaycan xalqına hərbi təcavüz etdiyi bir vaxtda ermənilər bütün istiqamətlərdən hücuma keçməsində təəccüblü bir şey yoxdur. Çünki təcavüzkar qonşularımız zaman-zaman öz məkrli niyyətlərini siyasi şəraitə uyğun olaraq gerçəkləşdirməyə çalışıb, əksər hallarda bəd niyyətlərinə nail olub və bu böyük “özünəməxsus təcrübəni” davam etdirməkdədirlər.

20 Yanvar hadisələrinin səbəb və məqsədləri

20 Yanvar faciəsi zaman baxımından bizdən uzaqlaşdıqca hadisənin səbəb və məqsədləri barədə yeni-yeni məqamlar üzə çıxır. Xüsusi qeyd etmək lazımdır ki, SSRİ rəhbərliyinin Bakıya əsassız hüquqi zəmin olmadan qoşun yeritməsi dünya birliyi tərəfindən də sükutla qarşılanmışdr. Baxmayaraq ki, Bakıdan əvvəl sovet qoşunlarının Vilnüsdə və Tbilisidə qan tökməsi ABŞ və Qərb dövlətləri tərəfindən etirazla qarşılanmışdı. Sonda göstərilən müqayisə dünyadakı ikili standartlara daha bir nümunə ola bilər.

Ümummilli lider Heydər Əliyev ailə üzvləri ilə birlikdə 1990-cı il yanvarın 21-də Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək baş verən faciə ilə bağlı Azərbaycan xalqına başsağlığı verdi. Ulu Öndər 20 Yanvar faciəsini törədən M.Qorbaçovu və onun Azərbaycandakı əlaltılarını kəskin ittiham etdi. Bakıya ağır hərbi texnika və peşəkar ordu yeridildiyini, insanlara divan tutulduğunu, günahsız qanlar axıdıldığını bütün dünyaya bəyan etdi. Az sonra Azərbaycana qayıdan Heydər Əliyev imperiya ilə daha barışmaz mübarizəyə başladı.
20 Yanvar faciəsinə siyasi və hüquqi qiymət verilməsinə qarşı olan qüvvələrin bu istiqamətdəki canfəşanlığına baxmayaraq, tarix hər şeyi öz axarına saldı. Doğrudur, 20 Yanvar faciəsi Azərbaycan xalqının say-seçmə övladlarının qətlinə səbəb oldu. Eyni zamanda, bu qanlı hadisə bütün bir xalqın qəhrəmanlıq dastanına çevrildi. Bir gecənin hərbi cinayəti uzun illər sülhsevərlikdən danışan saxta kommunizm ideyalarını heçə endirdi, Sovet imperiyasının süqutu prosesi sürətləndi. Qazanılan isə Azərbaycan xalqının azadlığı, müstəqil dövləti və milyonların əbədi ziyarətgahına, and yerinə çevrilmiş Şəhidlər xiyabanı oldu. Artıq iki ildir ki, Azərbaycan xalqı 20 Yanvar hadisəsinin ildönümünü qürurla, fəxrlə qeyd edir. Bu o sevincdir ki, 20 Yanvar şəhidləri və qaziləri məhz bu mənəvi varlıq üçün canlarını, qanlarını fəda etdilər.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə yenilməz Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində ölkəmizin ərazi bütövlüyünü bərpa edərək xalqımızı qürurlandırdı, 20 Yanvar şəhidlərinin ruhlarını şad etdi. Məntiqi mühakimə və faktlara söykənərək tərəddüd etmədən deyə bilərik ki, 20 Yanvar şəhidləri hansı cəsarətlə Vətənimizin müdafiəsinə qalxmışdılarsa, İkinci Qarabağ müharibəsinin şəhid və qaziləri başda olmaqla bütün döyüşçülərimiz də eyni ruh yüksəkliyi ilə torpaqlarımızı işğaldan azad etdilər. Bəli, Vətən müharibəsinin şəhidləri canları və qanları bahasına 20 Yanvar şəhidlərinin yürüdüyü azadlıq yolunu əzmlə qət edərək Vətənimizi bütövləşdirdilər. Hər biri şəhadət zirvəsinə yüksəlməyi özünə amal seçən Azərbaycan Ordusunun hərbçilərinin getdiyi yolda yalnız bir nəticə ola bilərdi - Böyük Zəfər! Şükürlər olsun ki, bu böyük Zəfəri qəhrəman Ordumuz bizlərə nəsib etdi.


Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara

20 yanvar 2022-01-22 13:57:00