×
A
A
A
Sazlamalar

Gürcüstanın “AdjaraTv12” kanalında 20 Yanvar faciəsindən danışılıb

Tbilisi, 22 yanvar, AZƏRTAC

Gürcüstanın “AdjaraTv12” televiziya kanalı 1990-cı il 20 Yanvar faciəsi barədə xüsusi reportaj yayımlayıb.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Batumi şəhərindəki Baş Konsulluğunun təşəbbüsü və təşkilatçılığı ilə hazırlanan verilişdə 20 Yanvar faciəsi barədə tamaşaçılara ətraflı məlumat verilib.
Verilişin əvvəlində 20 Yanvar faciəsindən bəhs edən süjet yayımlanıb.
“Adjara PS” Mediaholdinqinin baş direktoru və baş redaktoru Cemal Meqrelidze 1980-ci ilin sonlarında keçmiş SSRİ-nin tərkibində olan dövlətlərin müstəqillik uğrunda mübarizəsindən danışıb. O, SSRİ rəhbərliyinin bu xalqların müstəqillik və suverenlik, azadlıq sevgisini boğmağa çalışdığını, buna nail olmaq üçün 1989-cu ilin aprelində Gürcüstanda, 1990-cı ilin yanvarında Azərbaycanda və digər dövlətlərin ərazilərində qırğınlar törətdiyini diqqətə çatdırıb.
Sonra Gürcüstanın Cumber Lejava adına Beynəlxalq Çoxşaxəli Araşdırmalar Milli Akademiyasının vitse-prezidenti, “Xatemamuli” jurnalının baş redaktoru, tarixçi alim Nana Mamçelidze şahidi olduğu 9 Aprel faciəsindən söz açıb, SSRİ rəhbərliyinin Gürcüstanda törətdiyi qırğınlar barədə tamaşaçılara məlumat verib.
Gürcüstanın Qriqol Rovakidze adına Universitetinin Batumi filialının rəhbəri professor Suliko Antadze SSRİ-nin dağılma səbəbləri, bu quruma daxil olan ölkələrdə yaranmış milli azadlıq hərəkatları barədə ətraflı məlumat verib.
Verilişdə AZƏRTAC-ın Gürcüstan üzrə xüsusi müxbiri Xətayi Əzizov çıxış edərək deyib ki, 20 Yanvar hadisələri Azərbaycan xalqının tarixində ən faciəli, eyni zamanda, qəhrəmanlıq səhifəsi kimi yadda qalıb. 1990-cı ilin yanvarın 20-də baş verən hadisələr Azərbaycan xalqının həyatında dönüş nöqtəsi olub.
Bildirilib ki, 1990-cı il yanvarın 20-də Azərbaycan xalqı azadlıq və müstəqillik uğrunda ilk şəhidlərini verdi. Azadlıq yolunda canından keçmiş qəhrəman Vətən oğul və qızları xalqımızın qəhrəmanlıq salnaməsinə yeni parlaq səhifə yazmışlar. Milli birlik, milli ləyaqət silaha qalib gəldi və bu, 20 Yanvarın ən mühüm anlarından biridir.
O qeyd edib ki, Azərbaycan 30 ildən artıqdır müstəqil dövlətdir. 1990-cı ildən başlayan çətin, lakin şərəfli yol Qarabağda şanlı Qələbə ilə ən şərəfli zirvəyə çatdı. Ermənistanın işğal etdiyi torpaqlarımız 2020-ci ildə 44 günlük Vətən müharibəsi nəticəsində azad olunub. Uşaq ikən Şəhidlər xiyabanını ziyarət edənlər qəhrəmanlıq dastanı yazaraq, ölkəmizin ərazi bütövlüyünü bərpa ediblər.
Müxbir qeyd edib ki, zaman keçdikcə Qanlı Yanvar hadisələrinə baxışlar dəyişir. Əvvəllər biz ancaq təəssüflənir, şəhidlərin məzarlarına qərənfillər düzür, yas tuturduqsa, bu gün qəlbimizdə sonsuz qürur hissi hökm sürür. Əslində, sovet ordusunun silahsız insanları qətlə yetirdiyi, tanklarla əzdiyi o qış gecəsində azadlıq günəşi doğdu. Biz bunu sonralar, dövlət müstəqilliyini bərpa etdikdən sonra başa düşdük.
O deyib ki, şəhidlərin qanı müqəddəsdir. Ona ən düzgün qiyməti ulu öndər Heydər Əliyev verib: “Bu qanın hər damlasında xalqımızın gücü, xalqımızın qəhrəmanlığı, xalqımızın azadlıq, müstəqillik arzuları var. Həmin gecə tökülən qan müqəddəsdir. Bu, xalqımızın əsrlər boyu azadlıq, müstəqillik uğrunda tökülən qanına qarışan qandır”.
Verilişdə 20 Yanvar və 9 Aprel hadisələri barədə paralellər aparılıb, tarixən qonşu və dost olan xalqlarımızın oxşar talelərindən danışılıb. 1918-ci ildə hər iki xalqın müstəqil dövlət qurduqları, 1990-cı ildə müstəqilliklərini qan bahasına bərpa etdikləri vurğulanıb, bu gün Azərbaycanla Gürcüstanın müstəqil dövlət və strateji tərəfdaş olduqları xüsusi qeyd olunub.


Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi

20 yanvar 2022-01-22 10:48:00