×
A
A
A
Sazlamalar

20 Yanvar faciəsinin 32-ci ildönümü Bolqarıstan mətbuatında geniş işıqlandırılıb

Bakı, 21 yanvar, AZƏRTAC

Bolqarıstanın nüfuzlu xəbər agentlikləri və aparıcı qəzetlərində Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin 20 Yanvar - Ümumxalq Hüzn Günü ilə əlaqədar bəyanatı bolqar dilində dərc olunub, həmçinin 20 Yanvar faciəsinə dair geniş məlumatlar və məqalələr yayılıb.
AZƏRTAC xəbər verir ki, məqalələrdə Qanlı Yanvar hadisələri Azərbaycan tarixində həm faciə, həm də qəhrəmanlıq səhifəsi kimi xarakterizə edilir.
Bildirilib ki, baş vermiş faciənin özəyində Dağlıq Qarabağ problemi durur. Belə ki, Dağlıq Qarabağda baş qaldırmış erməni separatizminə SSRİ rəhbərliyinin biganə yanaşması, sovet rəhbərliyi tərəfindən Azərbaycanın keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətində (DQMV) yaradılmış Xüsusi İdarə Komitəsinin ölkəmizə qarşı qərəzli mövqeyi sayəsində muxtar vilayətin idarə və müəssisələrinin tədricən Azərbaycanın tabeliyindən çıxarılması, yüz minlərlə azərbaycanlıların Ermənistandakı tarixi-etnik torpaqlarından deportasiya edilməsi Azərbaycan xalqı arasında haqlı narazılığa səbəb olub. Baş verən hadisələr fonunda ölkədə vüsət almış ümumxalq hərəkatının qarşısını almaq və Azərbaycan xalqının müstəqillik əzmini qırmaq məqsədilə ölkəyə yeridilən sovet ordusu beynəlxalq hüququn normalarını, keçmiş SSRİ və Azərbaycan SSR-in konstitusiyalarını kobudcasına pozub və dinc əhaliyə qarşı görünməmiş qırğın törədilib.
Eyni zamanda, yayılmış məlumatlarda qeyd olunub ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə SSRİ rəhbərliyinin əmri ilə sovet ordusunun 26 min nəfərlik kontingenti Azərbaycanın Bakı, Sumqayıt və digər şəhərlərinə yeridilərək “Udar” adlı əməliyyatı həyata keçirib və bu hərbi müdaxilə nəticəsində 147 mülki şəxs qətlə yetirilib, habelə 800 nəfər ağır xəsarət alıb. 20 Yanvar faciəsi Azərbaycan tarixinə “Qara Yanvar” kimi daxil olub.

20 yanvar 2022-01-21 16:24:00