×
A
A
A
Sazlamalar

Ural regionunun diaspor üzvləri 20 Yanvar şəhidlərinin xatirəsini anıblar

Moskva, 21 yanvar, AZƏRTAC

Rusiyanın Yekaterinburq şəhərində fəaliyyət göstərən “Azərbaycan-Ural” İctimai Milli-Mədəni təşkilatının təşəbbüsü və Azərbaycanın Yekaterinburq şəhərindəki Baş konsulluğunun yaxından iştirakı ilə 20 Yanvar - Ümumxalq Hüzn Günü ilə əlaqədar tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, anım tədbiri Qanlı Yanvar faciəsini əks etdirən fotoşəkillərin sərgisi ilə başlayıb.
Şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Dövlət himnlərinin səslənməsi ilə davam edən anım tədbirində 20 Yanvar hadisələrinə dair film nümayiş olunub.
Tədbirdə çıxış edən “Azərbaycan-Ural” İctimai Milli-Mədəni təşkilatının sədri Şahin Şıxlinski, Sverdlovski vilayətinin deputatı Vaqner Mixayloviç, Sverdlovsk vilayətinin insan hüquqları üzrə müvəkkili Tatyana Merzlyakova, Rusiya Azərbaycanlı Gənclər Birliyinin Sverdlovsk vilayətindəki rəhbəri Toğrul Həsənzadə və Azərbaycan Respublikasının Yekaterinburq şəhərindəki Baş konsulluğunun rəhbəri vəzifəsini icra edən Şöhrət Mustafayev çıxış edərək tariximizə “Qara Yanvar” kimi daxil olmuş və Ümumxalq Hüzn Günü kimi anılan 20 Yanvar faciəsinin tarixə Azərbaycan xalqının iradəsinin sarsılmazlığının nümunəsi olaraq yazıldığını diqqətə çatdırıb.
Daha sonra çıxış edənlər bildiriblər ki, bu tarix Azərbaycan milli kimliyinin formalaşmasında həlledici rol oynayıb, dövlət müstəqilliyimizin bərpasında dönüş nöqtəsi olub.
Tədbirdə beynəlxalq hüququn normaları, keçmiş SSRİ və Azərbaycan SSR-in konstitusiyaları kobudcasına pozularaq, dinc əhaliyə qarşı qırğının törədilməsində keçmiş SSRİ rəhbərliyinin birbaşa məsuliyyət daşıdığı və 20 Yanvar faciəsindən 32 il keçməsinə baxmayaraq, XX əsrdə törədilmiş ən dəhşətli cinayətlərdən biri olan bu hadisəyə beynəlxalq siyasi-hüquqi qiymətin hələ də verilməməsi xüsusi vurğulanıb.
Natiqlər faciədən dərhal sonra ümummilli lider Heydər Əliyevin Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək mətbuat konfransı keçirdiyini, bu vəhşiliyi kəskin şəkildə pislədiyini, xalqımıza qarşı törədilmiş qırğına siyasi qiymətini verilməsini və günahkarların cəzalandırılmasını tələb etdiyini, məhz onun təşəbbüsü ilə 1994-cü ilin martında “1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında” qərar qəbul edildiyini və 20 Yanvarın Ümumxalq Hüzn Günü elan edildiyini tədbir iştirakçılarının diqqətinə çatdırıblar.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında tarixi və hüquqi ədalətin bərpa olunması və ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi ilə nəticələnən 44 günlük Vətən müharibəsinin daxildə olduğu kimi, xarici ölkələrdə yaşayan hər bir azərbaycanlının qürur qaynağına çevrildiyi vurğulanıb.
Tədbirdə Yekaterinburqda və ətraf şəhərlərdə yaşayan Azərbaycan diasporunun, yerli dövlət qurumlarının və digər xalqların diaspor nümayəndələri iştirak ediblər.

 

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri
Moskva

20 yanvar 2022-01-21 12:18:00