×
A
A
A
Sazlamalar

“Riqanın səsi” portalında 20 Yanvar faciəsinə həsr olunmuş məqalə yayımlanıb

Bakı, 20 yanvar, AZƏRTAC

Latviyanın nüfuzlu “Riqanın səsi” (“ЭХО РИГИ”) xəbər portalında rus və latış dillərində “Azərbaycan: 20 Yanvar - Ümummilli Hüzn Günü” sərlövhəli məqalə yayımlanıb.
AZƏRTAC xəbər verir ki, Vladimir Reşetovun müəllifliyi ilə yayımlanan məqalədə 1990-cı ilin yanvarında sovet ordusu tərəfindən Bakı və Azərbaycanın digər şəhərlərində törədilmiş qanlı hadisələrdən bəhs olunur.
Bildirilir ki, faciədən dərhal sonra - yanvarın 21-də Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev ailə üzvləri ilə birgə Moskvadakı Azərbaycan nümayəndəliyinə gələrək bu qanlı qırğını pisləyib və silahlı təcavüz aktını totalitar kommunist rejiminin Azərbaycan xalqına qarşı cinayəti adlandırıb.
Məqalədə, həmçinin bənzər hadisələrin 1991-ci il yanvarın 20-də Latviyada da baş verdiyi qeyd olunub. Latviya və Azərbaycanı möhkəm dostluq telləri və müstəqillik uğrunda ümumi mübarizə yolunun birləşdirdiyinin vurğulandığı məqalədə bu hüznlü tarixin azadlığın əldə edilməsinin nə qədər baha başa gəldiyini xatırlatdığı qeyd olunur.

 

 

20 yanvar 2022-01-20 19:56:00