×
A
A
A
Sazlamalar

Tarixçi alim: 20 Yanvarda xalqımız birləşib müstəqillik əldə etməyi bacardı

Bakı, 20 yanvar, AZƏRTAC
1985-ci ildən sonra hakimiyyətə gələn Mixail Qorbaçovun siyasətində Azərbaycan xalqına qarşı nifrət, ədalətsizlik və ikili siyasət hökm sürürdü. Bununla yanaşı, informasiya müharibəsində Azərbaycan xalqının vəhşi millət kimi dünyaya tanıdılması qarşıya qoyulan məkrli siyasətin həyata keçiriməsinə xidmət edirdi. Bu da əsassız olaraq Azərbaycan ərazilərinin, Qarabağın Ermənistana verilməsini həyata keçirmək siyasəti güdürdü. Həmin proses 1990-cı illərə qədər davam etdi. Verilən qərarlar Azərbaycan SSR Konstitusiyasına zidd olmasına baxmayaraq, SSRİ rəhbərliyi onların icra olunmasına çalışırdı. Baş verənlər Azərbaycanda ikili siyasətə qarşı milli azadlıq hərəkatını sürətləndirdi. 1990-cı il yanvarın 13-15-dən etibarən Azərbaycanın bəzi rayonlarında və bir hissəsində fövqəladə vəziyyət rejimi yaratmaq üçün Qorbaçovdan göstəriş gəldi. Bundan sonra narazılıq daha da artdı. Bunun fonunda xalq meydanlara axışmağa başladı. Xalqın haqq səsini boğmaq üçün qoşun yeridilsə də, əsas məqsəd hər kəsdən gizlədildi.
AZƏRTAC xəbər verir ki, bunu tarix üzrə fəlsəfə doktoru Ədalət Mustafayev deyib.
Ə.Mustafayevin sözlərinə görə, həmin dövrdə 100 min nəfərlik heyəti olan qoşun gətirilmişdi. Bildirilirdi ki, gələn qüvvə Qarabağa gedəcək və sərhəd rayonlarında Ermənistan-Azərbaycan münaqişəsinin yatırılması üçün iştirak edəcək. Qoşunun xalqın narazılığını yatırtmaq üçün gəldiyi deyilmirdi. Ancaq yanvarın 19-da axşam telestudiyanın partladılması hadisələr haqqında informasiya ala bilməyən xalqın vəziyyətini daha da ağırlaşdırdı. Qoşun gecə ilə beş istiqamətdə şəhərə daxil olaraq qoca, uşaq, yaşlı, cavan, qadın, kişi demədən hər kəsi hədəf almağa başladı. Bütün gecə ərzində qırğın davam etdi. Şəhərə yeridilən zirehli texnikaya baxmayaraq, Azərbaycan xalqı birləşdi və işğalçı sovet ordusunun qarşısında əyilmədi. Bundan bir gün sonra ümummilli lider Heydər Əliyevin Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək törədilən cinayətə etiraz bildirməsi, təqsirkarları kəskin pisləməsi xalqa bir daha stimul verdi. Milyonlarla insan şəhidləri son mənzilə yola salmaq üçün qorxmadan küçələrə axışdı. Dünya mətbuatı həmin dövrədək SSRİ kütləvi informasiya vasitələrinin məlumatı əsasında xəbərlər yayımlayırdısa, yanvarın 20-də "The Guardian", "The Times" qəzetlərində qürurverici məqalələr yer aldı. Bildirildi ki, Azərbaycan xalqı qan içində boğulmasına baxmayaraq, sovet qoşunlarına tabe olmur, müqavimət göstərir. Hərəkatın son nəticəsi o oldu ki, xalq çətinliklərə və törədilən faciəyə baxmayaraq, birləşib müstəqillik əldə etməyi bacardı. Hazırda isə ölkəmiz regionun ən seçilən və öz sözünü deməyi bacaran dövlətlərindən biridir. 44 günlük Vətən müharibəsində əldə edilən möhtəşəm Zəfər nüfuzumuzu bir qədər də artırdı və həmrəyliyimizin nəyə qadir olduğunu bir daha dünyaya sübut etdi.

20 yanvar 2022-01-20 19:54:00