×
A
A
A
Sazlamalar

Hərbçi: Düşmənlərimiz anladılar ki, Azərbaycan xalqının əzmini və iradəsini sındırmaq mümkün deyil

Bakı, 20 yanvar, AZƏRTAC

Şəhidlərimiz bizim üçün müqəddəsdir. Onların uyuduqları bu məkan hər birimizin and və qürur yeridir. Bu gün malik olduğumuz müstəqilliyimizdə və ərazi bütövlüyümüzün bərpa olunmasında şəhidlərimizin böyük payı var.
Bu sözləri AZƏRTAC-a açıqlamasında leytenant, hərbçi Əlimusa Abbasov deyib.
Hərbçi bildirib ki, əvvəl müqəddəs ruhların dolaşdığı Şəhidlər xiyabanına utana-utana gəlirdiksə, indi Vətən üçün canını qurban verən oğul və qızlarımızı yad etməyə üzüağ, alnıaçıq gəlirik. Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərkərdəliyi ilə 2020-ci ildə torpaqlarımızı işğaldan azad etdi və bizə Zəfər sevinci yaşatdı. Vətən müharibəsində Qələbəmizlə təkcə ərazi bütövlüyümüz bərpa olunmadı, həm də 1905-ci, 1918-1920-ci illərdə, həmçinin 1990-cı ilin 20 yanvarında, Xocalıda qətlə yetirilənlərin qisası alındı.
“Azərbaycan xalqı mərd və vətənpərvər xalqdır və Vətən uğrunda canından keçən şəhidləri ilə qürur duyur. Ermənilər bizim gücümüzü gördülər və bu, onlara dərs oldu. Düşmənlərimiz anladılar ki, Azərbaycan xalqının əzmini və iradəsini sındırmaq mümkün deyil. Bizə qarşı yenidən təcavüz etməyə cəhd etsələr, daha pisini görəcəklər. Azərbaycan Ordusu çox güclü və peşəkardır”, - deyə Əlimusa Abbasov vurğulayıb.

20 yanvar 2022-01-20 19:32:00