×
A
A
A
Sazlamalar

Fatma Yıldırım: Şəhidlərimizin ruhu şaddır ki, uğrunda canlarını fəda etdikləri müstəqil dövlətimizin ərazi bütövlüyü artıq bərpa olunub

Bakı, 20 yanvar, AZƏRTAC

Tariximizə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı ilin 20 Yanvar hadisələrindən 32 il ötür. 1990-cı ilin Qanlı Yanvar hadisələri Azərbaycan xalqı üçün təkcə böyük faciə deyil, həm də ləyaqətini qorumaq üçün hər cür qurban verməyə hazır olan xalqın tarixində şərəfli bir səhifədir. 20 Yanvar faciəsi həm ümumxalq hüzn və kədəri, həm də müstəqillik, istiqlal və hürriyyət uğrunda xalqımızın apardığı milli-azadlıq hərəkatının zirvəsi kimi Azərbaycan tarixinə həkk olunub.
Bu fikirləri AZƏRTAC-açıqlamasında Milli Məclisin deputatı Fatma Yıldırım deyib.
F.Yıldırım bildirib ki, o dövrdə yüksələn xətt üzrə davam edən gərginliyin, erməni təxribatlarının qarşısını almaq əvəzinə sovet rəhbərliyi Azərbaycan xalqına qarşı dəhşətli cinayət törətdi, xalqımızın etiraz səsini, respublikamızın suverenliyi və azadlığı uğrunda mübarizəsini boğmaq üçün 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə dinc insanların üzərinə ordu yeridərək mülki vətəndaşları qırğına məruz qoydu. SSRİ rəhbərliyinin xalqımıza, onun azadlıq mübarizəsinə qarşı həyata keçirdiyi bu qanlı əməliyyat sovet imperiyasının siyasətinin gerçək mahiyyətini əks etdirən növbəti arqument oldu. Bu fakt, eyni zamanda, keçmiş SSRİ rəhbərliyinin Ermənistanın ölkəmizə qarşı həyata keçirdiyi təcavüzkar siyasəti dəstəklədiyinə dəlalət edirdi. Bu qanlı cinayət xalqımızın mübarizə əzmini qıra bilmədi. 20 Yanvar faciəsi ümumxalq hüznü olmaqla yanaşı, həm də Azərbaycan xalqının iradəsinin sarsılmazlığını, mətinliyini göstərdi. Bu hadisə Azərbaycan milli kimliyinin formalaşmasına mühüm təsir göstərib, dövlət müstəqilliyinin bərpa edilməsi istiqamətində əhəmiyyətli hadisə olub.
Onun sözlərinə görə, 20 Yanvar qətliamının törədilməsindən bir gün sonra o vaxt Moskvada yaşayan ulu öndər Heydər Əliyev ailə üzvləri ilə birlikdə Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək doğma xalqı ilə həmrəy olduğunu nümayiş etdirdi. Ümummilli lider Heydər Əliyev keçirdiyi mətbuat konfransında bu cinayətə qarşı etiraz səsini ucaltdı, bəyanatla çıxış edərək baş verən hadisəni hüquqazidd, demokratiyaya yad və humanizm prinsiplərinin əleyhinə olan əməl kimi qiymətləndirdi. Bu cəsur hərəkəti ilə ulu öndər Heydər Əliyev ən çətin anda təkcə xalqının yanında olmadı, eyni zamanda, informasiya blokadasının yarılmasında, Azərbaycanda baş verən qanlı hadisələrin dünyaya çatdırılmasında müstəsna rol oynadı. 1993-cü ildə hakimiyyətə qayıtdıqdan sonra isə məhz ümummilli lider Heydər Əliyev bu məsələyə xüsusi həssaslıqla yanaşaraq hadisəyə siyasi-hüquqi qiymət verilməsi, cinayətkarların aşkarlanması istiqamətində yorulmaz fəaliyyət göstərdi. Ulu Öndərimizin təşəbbüsü ilə Azərbaycan parlamentində 20 Yanvar hadisələrinə siyasi-hüquqi qiymət verildi. Ulu öndərimiz Heydər Əliyevin xalqımızın müstəqilliyi uğrunda mübarizə aparan insanların xatirəsinə ehtiramı, bu istiqamətdə həyata keçirilən diqqət və qayğı siyasəti bu gün də yüksək səviyyədə davam etdirilir. Belə ki, Azərbaycan xalqına qarşı törədilən müxtəlif xarakterli cinayətlərdən, xüsusən də son onilliklərdə yaşanan faciələrdən zərər çəkənlərə qayğı göstərilməsi Prezident İlham Əliyevin də diqqət mərkəzindədir. Bu baxımdan, 20 Yanvar faciəsinin qurbanları da istisna deyil.
Deputat qeyd edib ki, 20 Yanvar faciəsi Azərbaycan xalqının iradəsinin sarsılmazlığının, mətinliyinin göstəricisidir: “Xalqımız hər il 20 Yanvar faciəsi qurbanlarının xatirəsini ehtiramla yad edir. Bütövlükdə 20 Yanvar faciəsi unudulmur, xalqımız isə şəhidlik zirvəsinə ucalmış qəhrəman övladları ilə fəxr edir. Dünya Azərbaycan xalqının mübarizə əzminin təntənəsini, heç şübhəsiz, 44 günlük Vətən müharibəsi zamanı da gördü. Güclü Azərbaycan Ordusu Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə tarixi ədaləti və ölkəmizin ərazi bütövlüyünü bərpa etdi. Başqa sözlə, Zəfər yürüşünü əzmlə və şücaətlə davam etdirən rəşadətli Ordumuz təxribatçı və işğalçı Ermənistanın silahlı qüvvələrinə sarsıdıcı zərbələr endirdi, torpaqlarımızı işğaldan azad etdi. Azərbaycan xalqı və dövləti düşmən üzərində parlaq, inamlı Qələbə qazanmaqla öz gücünü dünyaya nümayiş etdirdi. Şübhəsiz ki, bu möhtəşəm Qələbə xalqımız tərəfindən böyük qürur, sevinc və ruh yüksəkliyi ilə qarşılandı. Azərbaycan xalqı öz Liderinin - Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşməklə mətinliyini, mübarizliyini göstərdi. Bu gün artıq şəhidlərimizin ruhu şaddır. Çünki onların uğrunda canlarını fəda etdikləri müstəqil dövlətimizin ərazi bütövlüyü bərpa olunub”.

 

20 yanvar 2022-01-20 17:27:00