×
A
A
A
Sazlamalar

Türkiyəli qonaqlar Folklor İnstitutunda olublar

Bakı, 8 dekabr, AZƏRTAC

Türkiyənin İqtisadi İnkişaf və Sosial Araşdırmalar İnstitutunun (İKSAD) rəhbəri professor Mustafa Lətif Əmək və İKSAD-ın yayım qrupu başqanı Səfa Salih Bildirici AMEA-nın Folklor İnstitutunda olublar.
Bu barədə AZƏRTAC-a AMEA-dan bildirilib. Qeyd olunub ki, Folklor İnstitutunun baş direktoru akademik Muxtar İmanov İKSAD ilə rəhbərlik etdiyi elmi müəssisənin birgə təşkil etdiyi konfransların əhəmiyyətinə diqqət çəkib və perspektivlərdən söhbət açıb. Azərbaycanla yaxın elmi münasibətlərinin olduğunu bildirən professor M.L.Əmək İKSAD-ın hazırda 43 ölkədə elmi araşdırma apardığını qeyd edib. İKSAD-ın 80-ə yaxın elmi görüş təşkil etdiyini deyən türkiyəli professor yeni yaratmış olduqları “Science Azerbaijan” platformasının rəsmi təqdimatını keçirəcəklərini də diqqətə çatdırıb. O vurğulayıb ki, əsas məqsədləri bu platforma vasitəsilə ölkəmizin müxtəlif bölgələrində konfranslar təşkil etmək, elmi araşdırma layihələri həyata keçirmək və Azərbaycanı dünyanın elm mərkəzinə çevirməkdir.
Görüşdə Folklor İnstitutunun Dədə Qorqud şöbəsinin müdiri filologiya elmləri doktoru Ramazan Qafarlı, Xarici əlaqələr bölməsinin müdiri Əli Şamil, institutun İctimaiyyətlə əlaqələr üzrə məsul şəxsi dosent Sönməz Abbaslı və Azərbaycan Dövlət Pedaqoji Universitetinin əməkdaşı, İKSAD-ın Azərbaycan üzrə koordinatoru Əlvan Cəfərli də iştirak ediblər.

 

Elm və təhsil 2021-12-08 11:35:00