Mədəniyyət və İncəsənət Universitetində “Nə? Harada? Nə zaman?” intellektual yarışının qalibləri mükafatlandırılıb
Bakı, 7 dekabr, AZƏRTAC
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) Tələbə Həmkar İttifaqı Komitəsi və Tələbə Gənclər Təşkilatının birgə təşkilatçılığı ilə dövlət gənclər siyasətinin həyata keçirilməsinə dəstək və tələbə gənclərin intellektual bilik səviyyəsinin inkişafını təmin etmək məqsədilə fakültələrarası “Nə? Harada? Nə zaman?” intellektual oyunu keçirilib.
Bu barədə AZƏRTAC-a ADMİU-dan məlumat verilib. Bildirilib ki, universitetin Rəssamlıq fakültəsinin II kurs tələbələri Turanə Səttarova, Elvin Əliyev, Şirin Nəsirov, Azər Məmmədov, Səbinə Hüseynova və Elmardan Əmrahovdan ibarət komanda 1-ci yerin qalibi olaraq ümumrespublika universitetləri arasında keçiriləcək “Nə? Harada? Nə zaman?” intellektual yarışında ADMİU-nu təmsil etmək hüququ qazanıb.
Bu münasibətlə ADMİU-da qaliblərin mükafatlandırılması mərasimi keçirilib. Tədbirdə çıxış edən ADMİU-nun prorektoru professor Gülşən Əliyeva-Kəngərli bu cür bilik yarışlarının gənclərin inkişafındakı rolundan danışıb. Prorektor Azərbaycan gəncliyinin gücünün, qüdrətinin, Vətən, xalq sevgisinin 44 günlük Vətən müharibəsində ən yaxşı şəkildə bütün dünyaya sübut olunduğunu deyib, gəncləri bu böyük Qələbəni qoruyub-saxlamağa, hər zaman Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin ruhuna layiq vətəndaş olmağa çağırıb.
Gülşən Əliyeva-Kəngərli ADMİU-nun tələbələrinin hər zaman ictimai işlərdə öndə olduqlarını, Azərbaycan mədəniyyətinin və incəsənətinin ölkə daxilində və xaricdə uğurla təbliğ etdiklərini vurğulayıb. Qalib komandanı təbrik edən prorektor onların ümumrespublika universitetləri arasında keçiriləcək “Nə? Harada? Nə zaman?” intellektual yarışında da yüksək nəticə əldə edəcəklərinə əminliyini bildirib.
Daha sonra Tələbə Həmkar İttifaqı Komitəsinin sədri Cavid Əhmədov qalibləri təbrik edib, onlara fəxri fərman təqdim edib.
Yarışın II və III yerlərinin qaliblərinə isə Tələbə Gənclər Təşkilatının sədri Əlirza Əlizadə tərəfindən diplomlar verilib.
BDU-nun Qazax filialında inklüziv təhsilə dair beynəlxalq konfransın regional bölməsinin iclası olub
IV Azərbaycan Astronomiya Olimpiadasının final mərhələsi keçirilib
“Sabahın alimləri” müsabiqəsində Biləsuvar Təhsil Kompleksinin 6 şagirdi uğur qazanıb
“IT sahəsindəki yolum” mövzusunda təcrübə sessiyasının keçirilməsi planlaşdırılır