×
A
A
A
Sazlamalar

“AzScienceNet” Şəbəkə İdarəetmə Mərkəzinin hesabatı müzakirə olunub

Bakı, 7 dekabr, AZƏRTAC
AMEA İnformasiya Texnologiyaları İnstitutunun “AzScienceNet” Şəbəkə İdarəetmə Mərkəzinin 2021-ci il üçün hesabatı müzakirə olunub.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, mərkəzin rəhbəri texnika üzrə fəlsəfə doktoru Babək Nəbiyev cari ildə elmi-innovasiya fəaliyyəti çərçivəsində “AzScienceNet” şəbəkəsinin infrastrukturunun genişləndirilməsi işlərindən söz açıb. B.Nəbiyev AMEA-nın institut və təşkilatlarının yeni kompüterlərinin qoşulması, şəbəkə infrastrukturunun intellektual kommutatorlar əsasında yenidən qurulması, “AzScienceNet”in texniki imkanlarının artırılması məqsədilə yaddaş və hesablama resurslarının artırılması ilə bağlı həyata keçirilən tədbirləri diqqətə çatdırıb.
“AzScienceNet” şəbəkəsinin GEANT şəbəkəsinə inteqrasiyası istiqamətində aparılan işlərdən söz açan məruzəçi bildirib ki, 3Gbit/san. internet trafikindən səmərəli istifadə edilməsi istiqamətində işlər görülüb. AMEA-nın Fizika İnstitutunun nəzdində fəaliyyət göstərən GRID elmi-tədqiqat mərkəzinin GEANT şəbəkəsinə qoşulması və “EapConnect” layihəsi çərçivəsində alınmış telekommunikasiya avadanlığının quraşdırılması işləri ilə bağlı müəyyən tədbirlər icra edilib.
B.Nəbiyev diqqətə çatdırıb ki, “AzScienceNet” üzərindən AMEA-nın Naxçıvan və Gəncə bölmələri üçün çoxnöqtəli distant tədris xidmətinin istismarı, məlumatlandırma sisteminin (SMS və e-mail) genişləndirilməsi və istismarı, AMEA-nın institut və təşkilatlarında yeni xidmətlərdən (Wi-Fi, Eduroam, Edugain və s.) istifadə edilməsinin təşkili və s. “AzScienceNet” şəbəkəsində internet xidmətlərinin təşkili çərçivəsində görülən işlərdəndir.
Beynəlxalq təşkilatlarla əlaqələr haqqında məlumat verən B.Nəbiyev GEANT Assosiasiyası ilə əməkdaşlıq çərçivəsində aparılan işlərin davam etdirildiyini, “EaPConnect E-Infrastructure Conference” üçün hazırlıq işlərinə başlanıldığını bildirib. Həmçinin “AzScienceNet” və Rusiya Elmlər Akademiyasının A.A.Xarkeviç adına İnformasiyanın Ötürülməsi Problemləri İnstitutunun Paylanmış Hesablamalar Mərkəzi ilə əməkdaşlıq əlaqələrinin qurulduğunu söyləyib.
AMEA-nın vitse-prezidenti, institutun baş direktoru akademik Rasim Əliquliyev mərkəzin fəaliyyətini yüksək qiymətləndirib, “AzScienceNet” şəbəkəsinin infrastrukturunun genişləndirilməsi istiqamətində təklif və tövsiyələrini verib.
Sonra hesabatla bağlı fikir mübadiləsi aparılıb.

 

Texnologiya 2021-12-07 14:10:00