×
A
A
A
Sazlamalar

Folklor İnstitutunun ilk ərazi partiya təşkilatının hesabat-seçki iclası keçirilib

Bakı, 6 dekabr, AZƏRTAC

Yeni Azərbaycan Partiyası (YAP) AMEA-nın Folklor İnstitutunun ilk ərazi partiya təşkilatının hesabat-seçki iclası keçirilib.
AMEA-dan AZƏRTAC-a bildirilib ki, onlayn formatda keçirilən iclası YAP Yasamal rayon təşkilatının baş məsləhətçisi Elnarə Mustafayeva açaraq partiyanın ərazi təşkilatlarının fəaliyyətinin əhəmiyyətindən danışıb, nizamnamədəki bəzi dəyişikliklər barədə məlumat verib.
Folklor İnstitutunun ərazi partiya təşkilatının sədri filologiya elmləri doktoru Nübar Həkimova YAP-ın ərazi partiya təşkilatının ötən 4 il ərzindəki fəaliyyətindən danışıb. O, qeyd olunan dövrdə keçirilən tədbirlər barədə məlumat verib, eləcə də partiyanın fəal üzvlərinin respublika və beynəlxalq konfranslarda iştirak etdiklərini vurğulayıb. Pandemiya dövründə bir sıra tədbirlərin onlayn formatda keçirildiyini qeyd edib.
Elnarə Mustafayeva Folklor İnstitutu əməkdaşlarının partiyaya üzv olduqları gündən fəallıqları ilə seçildiklərini və YAP-ın bütün tədbirlərində iştirak etdiklərini vurğulayıb.
Folklor İnstitutunun baş direktoru akademik Muxtar İmanov ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə əsası qoyulan YAP-ın cəmiyyətin həyatındakı önəmindən bəhs edib.
“Biz bütün sahələrdə addımlarımızı Ulu Öndərin qoyduğu və Prezident İlham Əliyevin davam və inkişaf etdirdiyi kursa uyğun atmalıyıq”, - deyə M.İmanov bildirib.
Sonra YAP-ın Folklor İnstitutunun ilk ərazi partiya təşkilatına yeni seçkilər keçirilib. Səmərəli fəaliyyətləri nəzərə alınaraq, ərazi partiya təşkilatına sədrlik filologiya elmləri doktoru Nübar Həkimovaya, müavinlik isə Nigar İmaməliyevaya həvalə olunub.

Elm və təhsil 2021-12-06 17:50:00