×
A
A
A
Sazlamalar

Sorğu: Respondentlərin 23 faizi milli komandanın baş məşqçisi Canni De Byazinin istefaya göndərilməsi barədə qərarı yanlış hesab edib

Bakı, 3 dekabr, AZƏRTAC

Vətəndaşların futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi ilə bağlı aparılacaq müzakirələrə dair fikirlərini öyrənmək məqsədilə Media Təhlil Mərkəzi (MTM) tərəfindən noyabrın 26-dan 30-dək sorğu keçirilib. Sorğuda iştirak edən 742 respondentin 22 faizini qadınlar, 78 faizini isə kişilər təşkil edib.
MTM-dən AZƏRTAC-a bildiriblər ki, respondentlərə verilən ilk sual futbol üzrə Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi ilə müqavilənin müddətinin uzadılmayacağı təqdirdə verilən qərara münasibətləri ilə bağlı olub. İştirakçıların 51 faizi bu qərarı dəstəkləyəcəyini, 26 faizi isə cavab verməkdə çətinlik çəkdiyini bildirib. Cavab verənlərin 23 faizi De Byazi ilə yolları ayırmaq qərarını yanlış hesab edib.
Sorğu iştirakçılarının 63 faizi Canni De Byazi ilə yeni müqavilə imzalanmayacağı halda milli komandamızın baş məşqçisi postuna yerli, 16 faizi isə əcnəbi mütəxəssisin gətirilməsini uyğun hesab edib. Cavab verənlərin 21 faizi isə “fərqi yoxdur” variantını seçib.
Növbəti sual futbol üzrə Azərbaycan milli komandasının inkişafına hansı baş məşqçinin daha çox təsir etməsi barədə respondentlərin rəyinin öyrənilməsi ilə bağlı olub. Bir neçə variant seçmək imkanına malik olan respondentlər burada 41 faizlə Qurban Qurbanovu (2017-2018-ci illər) fərqləndiriblər. Robert Prosineçki (2014-2017) respondentlərin 25, Berti Foqts (2008–2014) 17, Şahin Diniyev (2005–2007) isə 10 faiz səs toplayıb. Millimizin hazırkı baş məşqçisi Canni De Byazi (2020-ci ildən indiyədək) respondentlərinin 6 faizinin, Nikola Yurçeviç (2019 - 2020) isə 3 faizinin səsini qazanıb. Digər mütəxəssislər isə 8 faiz səs toplayıb. Rəyi soruşulanların 22 faizi cavab verməkdə çətinlik çəkib.
Respondentlər milli komandamızın baş məşqçisi postunda görmək istədikləri yerli mütəxəssislə bağlı suala da cavab veriblər. Hazırda “Zirə” futbol klubunu çalışdıran Rəşad Sadıqovu milli komandamızın baş məşqçisi postunda görmək istəyənlər cavab verənlərin 44 faizini təşkil edib. İştirakçıların 10 faizi “Neftçi”nin hazırkı baş məşqçisi Samir Abbasovu, digər 10 faizi isə “Neftçi”nin sabiq baş məşqçisi Nazim Süleymanovu milli komandanın baş məşqçisi vəzifəsinə uyğun hesab edib. Milli komandanın hazırkı köməkçi məşqçisi Arif Əsədov 5, “Sumqayıt” klubunun hazırkı çalışdırıcısı Ayxan Abbasovu isə 3 faiz səs toplayıblar. “Digər” variantını seçənlər respondentlərin 28 faizini təşkil edib.
Qeyd edək ki, dekabrın 2-də AFFA-nın İcraiyyə Komitəsinin iclası keçirilib. İclasda Azərbaycan milli komandasının baş məşqçisi Canni De Byazi ilə müqavilənin müddətinin 2022-ci ilin oktyabr ayına qədər uzadılması qərara alınıb.



 

İdman 2021-12-03 13:58:00