×
A
A
A
Sazlamalar

Naftalanda Nizami Gəncəvinin 880 illiyinə həsr olunmuş tədbir keçirilib

Naftalan, 3 dekabr, Elcan Məmmədov, AZƏRTAC

2021-ci ilin ölkəmizdə “Nizami Gəncəvi İli” elan olunması ilə əlaqədar Naftalan Şəhər İcra Hakimiyyətinin və Gəncə Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə şəhərin Heydər Əliyev Mərkəzində tədbir keçirilib. Tədbirdə şəhər icra hakimiyyətinin başçısı, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər, idarə və təşkilat rəhbərləri iştirak ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Gəncə Dövlət Dram Teatrının aktyoru, Xalq artisti Alim Məmmədov dahi mütəfəkkir Nizami Gəncəvi obrazında qonaqları qarşılayıb.
Tədbir iştirakçıları İncəsənət və Rəssamlıq Məktəbinin şagirdlərinin “Xəmsə” və “Zəfər Günü” mövzusunda hazırladıqları rəsm əsərlərindən ibarət sərgiyə baxış keçiriblər.
Mərkəzin akt zalında Gəncə Dövlət Kukla Teatrının aktyorlarının Nizami Gəncəvinin “Yeddi gözəl” poemasının motivləri əsasında hazırladıqları “Xeyir və Şər” tamaşası nümayiş olunub.
Sonda şəhər rəhbərliyi tərəfindən şəhid və qazi övladlarına, məktəblilərə Nizami Gəncəvinin “Yeddi gözəl” poeması əsasında yazılmış “El dastanı” kitabı hədiyyə edilib.

Regionlar 2021-12-03 10:26:00