×
A
A
A
Sazlamalar

Şair Ramaldanov: Mina təhlükəsi ilə bağlı dövlətin gördüyü bütün tədbirlər vətəndaşlarımızın təhlükəsizliyinə xidmət edir

Bakı, 30 noyabr, AZƏRTAC
Azərbaycan Ordusu Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində uğurlu əməliyyatlar keçirərək düşmənin işğalçı qüvvələrini qısa müddətdə darmadağın etdi və ölkəmizin ərazi bütövlüyünü bərpa etdi. Qırx dörd günlük Vətən müharibəsinə hazırlıq üçün Azərbaycan Ordusu uzun illər formalaşdırıldı, onun döyüş potensialı və qabiliyyəti artırıldı. Ümummilli lider Heydər Əliyevin ordu quruculuğu sahəsindəki işini Ali Baş Komandanımız İlham Əliyev uğurla davam etdirdi. Ordumuz ən müasir silahlarla təchiz olunaraq yeni ordu prinsiplərini inkişaf etdirdi. Nəticədə Silahlı Qüvvələrimiz rəşadətli ordu, xalqımız qalib xalq, Prezidentimiz Müzəffər Ali Bas Komandan kimi tarixin şanlı səhifəsində layiqli yerini aldı. Bu şanlı tariximizi gələcək nəsillərimiz fəxrlə xatırlayacaq, öyrənəcək və onunla qürur duyacaqlar.
Bunu ehtiyatda olan polkovnik Şair Ramaldanov AZƏRTAC-a müsahibəsində deyib.
Hərbi ekspert bildirib ki, Vətən müharibəsinin başa çatmasından bir ildən çox vaxt ötsə də, insanların həyatı üçün mina və partlamamış döyüş sursatları təhlükəsi hələ də davam edir. Bu hərbi sursatlar vətəndaşlarımızın ölümünə səbəb olur və onlar üçün həyati təhlükə mənbəyidir. Ümumiyyətlə, mina sahələrinin və döyüşlərin baş verdiyi ərazilərin partlamamış hərbi sursatlardan təmizlənməsi üçün adətən xeyli müddət lazımdır. İkinci Dünya müharibəsinin başa çatmasından uzun illər keçməsinə baxmayaraq ki, qazıntılar zamanı hələ də hərbi sursatlara və minalara rast gəlinir. İşğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsi işi olduqca çətin və uzun vaxt tələb edən fəaliyyətdir. Çünki düşmən həm orada çoxlu sayda mina sahələri yaradıb, həm də otuz il ərzində hərbi hissələrin yeri dəyişib və onlar həmin əraziləri minalayıblar.
“Bir tərəfdən, Birinci Qarabığ müharibəsində döyüşlərlə baş vermiş ərazilərdə mina sahələri olub və onlar haqqında məlumat azdır. Digər tərəfdən, azad edilmiş ərazilərin əsasən dağlıq, meşəlik ərazilər olmasını nəzərə alsaq, otuz il ərzində sellər, sürüşmələr nəticəsində bəzi minalar və partlamamış döyüş sursatları yerlərini dəyişib və onların üstü torpaq qatı ilə örtülüb. Müvafıq dövlət təşkilatları, o cümlədən Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA), Fövqəladə Hallar Nazirliyi (FHN), Müdafiə Nazirliyi və mina təmizləmə sahəsində çalışan digər qurumların əməkdaşlarının fədakar əməyi, aparılan böyük işlər nəticəsində azad olunmuş ərazilərdən çoxlu sayda mina çıxarılıb. Biz artıq yolların çəkilməsi və prioritet infrastruktur obyektlərinin yenidən qurulması və bərpası üçün təhlükəsizliyin təmin olunduğunu görürük. Bütün bunlara baxmayaraq, hələ də mina təhlükəsi var. Bizim peşəkar minatəmizləyənlərimiz, ümumiyyətlə, bu sahədə çalışan insanlar hər gün ölümlə üz-üzədir. Çünki bu iş həm yüksək peşəkarlıq tələb edir, həm də mina və hərbi sursatlar bəzən qəfil hadisələrə səbəb olur. Eləcə də onlar müharibə vaxtı kustar üsullarla düzəldilərək gizli şəkildə yerləşdirilib. Ona görə biz mina sahələrinin təmizlənməsi kimi təhlükəli bir işlə məşğul olan şəxslərə minnətdarlığımızı bildirməliyik. Belə ki, onların uğurlu fəaliyyəti əhalimizin təhlükəsizliyi üçündür”, - deyə Ş.Ramaldanov vurğulayıb.
Ehtiyatda olan polkovnik diqqətə çatdırıb ki, torpaqlarımız işğaldan azad edilib və insanlar otuz il ərzində arzusunda olduqları doğma yurdlarını, kəndlərini, ata-babalarının, yaxınlarının məzarlarını ziyarət etmək istəyirlər. Dövlət tərəfindən mina təhlükəsi ilə bağlı xəbərdarlıqlar edilməsinə və ciddi tədbirlər görülməsinə baxmayaraq, hazırda bəzi şəxslər azad olunmuş ərazilərə qanunsuz yollarla keçməyə cəhd göstərirlər. Çox vaxt belə ziyarətlərin faciə ilə nəticələndiyini görürük. İnsanlar qanunsuz ziyarət zamanı ya öz həyatlarını və ya sağlamlıqlarını itirirlər. Bu da hamımızı narahat edir.
Azərbaycanın müvafiq dövlət qurumlarının mina təhlükəsi ilə bağlı genişmiqyaslı maarifləndirmə işi apardığını vurğulayan hərbi ekspert qeyd edib ki, mina təhlükəsi olan ərazilər haqqında mətbuatda, telekanallarda əhaliyə mütəmadi müraciətlər edilir, çoxsaylı əyani vəsait, plakatlar göstərilir, müəyyən çağırışlar olunur. Daxili İşlər Nazirliyi, FHN, ANAMA tərəfindən əhaliyə edilən müraciətlərdə bu ərazilərin təhlükəli olması barədə maarifləndirici məlumat verilir. Bütün bunlara baxmayaraq, yenə də bəzi insanlar şəxsi maraqlarını güdərək həmin ərazilərə gizli yollarla daxil olmaq istəyirlər. Həmin ərazilərə nəzarət edən polis əməkdaşları onları saxlayır və geri qaytarırlar. Ancaq DİN-in əməkdaşları onları saxlamasaydı, həmin şəxslər sağ-salamat geri qayıda bilməyəcəkdilər.
“Ona görə düşünürəm ki, cəmiyyətimizin, müvafiq qurumların, tədris müəssisələrimizin, ümumiyyətlə, hamımızın vəzifəsi “Dəmir yumruq” kimi birləşərək azad edilmiş ərazilərə qanunsuz daxil olmaq istəyən insanları belə ziyarətlərdən geri çəkilməyə dəvət etmək, həmin insanları təhlükəli ərazilərə getməməyə çağırmaqdır. Əgər orada fəaliyyət göstərən insanlar varsa, tanımadığı əşyanı ələ götürməməlidirlər. Yaxud, əgər hər hansı şübhəli əşya aşkarlanarsa, bu barədə dərhal müvafiq qurumlara məlumat verməli, onların qaynar xətlərinə müraciət etməli, müvafiq təşkilatların əməkdaşları əraziyə gələndə həmin istiqaməti göstərməlidirlər. Ancaq birgə fəaliyyət göstərərək, gələcəkdə baş verə biləcək faciəli hadisələrdən vətəndaşlarımızı qoruya bilərik. Biz torpaqlarımızı erməni işğalçı qüvvələrindən azad etsək də, onu mina sahələrindən və partlamamış hərbi sursatlardan hələ ki, tam təmizləyə bilməmişik. Odur ki, heç kəs həmin ərazilərə icazəsiz getməməlidir. Minalanmış ərazilərə gələrkən səhlənkarlıq, məsuliyyətsizlik və təkəbbür mənfi nəticələrə gətirib çıxa bilər. Getmək üçün ilk növbədə dövlət qurumlarından icazə alınmalıdır. Əgər icazə veriləcəksə, onda orada qoyulan tələblərə, təhlükəsizlik qaydalarına tam riayət edilməlidir. Çünki dövlətimiz tərəfindən mina təhlükəsi ilə bağlı görülən bütün tədbirlər vətəndaşlarımızın sağlamlığını qorumağa, insanların həyatının xilasına xidmət edir. Bütün məhdudiyyətlər yalnız bu məqsədlə qoyulur. Ona görə hər kəs bu məsələyə məsuliyyətlə yanaşmalı, bütün verilən tövsiyələrə ciddi əməl etməlidir”, - deyə Şair Ramaldanov bildirib.

Ordu 2021-11-30 15:06:00