×
A
A
A
Sazlamalar

Böyük həcmli məlumatlar toplusundan biliklərin aşkarlanması problemləri tədqiq olunur

Bakı, 27 noyabr, AZƏRTAC

AMEA İnformasiya Texnologiyaları İnstitutunda böyük həcmli məlumatlar toplusundan biliklərin aşkarlanması problemləri tədqiq olunur.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, bu barədə Elmi şuranın növbəti iclasında cari il üzrə hesabat müzakirəsində məlumat verilib.
AMEA-nın müxbir üzvü, texnika elmləri doktoru Ramiz Alıquliyev rəhbərlik etdiyi şöbədə aparılan elmi tədqiqatlar, əməkdaşların respublika və beynəlxalq konfranslarda iştirakı, tanınmış elmi jurnallarda məqalələrin nəşri və s. ilə bağlı işlər barədə məlumat verib.
Alim bildirib ki, bu il şöbə əməkdaşları tərəfindən “Web of Science”, “Scopus” və digər elmi bazalarda (EBSCO, DBLP, ACM, Google Scholar və s.) indeksləşən jurnallara, həmçinin respublika və digər ölkələrin (Rusiya, Ukrayna, Belarus və s.) Ali Attestasiya Komissiyasının siyahısında olan məcmuələrə 16 məqalə təqdim olunub.
Beynəlxalq elmi əməkdaşlıq istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verən şöbə müdiri Avstraliya Federasiya Universiteti və Melburn Kral Texnologiya İnstitutu ilə əməkdaşlıq əlaqələrinin davam etdirildiyini söyləyib. O qeyd edib ki, bu elmi qurumun alimləri ilə birgə araşdırmalar aparılır, əməkdaşlığın nəticəsi olaraq məqalələr hazırlanır.
Alim şöbə əməkdaşlarının elmi-pedaqoji, elmi-təşkilati fəaliyyəti, elmi-texniki konfranslarda, seminarlarda və simpoziumlarda iştirakı haqqında danışıb. Şöbənin elmmetrik göstəricilərini diqqətə çatdıraraq, əməkdaşların əsərlərinə cari ildə 572, son 5 ildə 3151, ümumilikdə isə 5122 istinad olunduğunu nəzərə çatdırıb.
Həmçinin bildirilib ki, institutun iki alimi – AMEA-nın vitse-prezidenti, institutun baş direktoru akademik Rasim Əliquliyev və şöbə müdiri AMEA-nın müxbir üzvü, texnika elmləri doktoru Ramiz Alıquliyevin adları ABŞ-ın Stenford Universiteti tərəfindən hazırlanmış dünyanın ən nüfuzlu (ilk 2 faiz) alimlərinin siyahısına daxil edilib ki, bu da institutun cari ildə əldə etdiyi mühüm nailiyyətlərdəndir.
Sonra müzakirələr aparılıb, suallar cavablandırılıb.
AMEA-nın vitse-prezidenti, İnstitutun baş direktoru, akademik Rasim Əliquliyev çıxış edərək, şöbənin elmi fəaliyyətini yüksək qiymətləndirib. Akademik şöbədə xüsusilə gənc alimlərin aktual problemlər üzrə apardıqları tədqiqatların daha da dərinləşdirilməsinin zəruriliyini qeyd edib.

Texnologiya 2021-11-27 13:16:00