×
A
A
A
Sazlamalar

Püstə, badam, noğul, nabat, ləbləbi...

Bakı, 25 noyabr, AZƏRTAC

Orqanizmdə asan və rahat həzm edilən çərəzlər rasionda yer alan xeyirli qidalardandır. Faydalı maddələrlə zəngin olmaqla yanaşı, çərəzlər enerji və zülal mənbəyidir. Qoz, fındıq və digər çərəzlər tərkibində olan müxtəlif vitamin və mikroelementlər yaddaşı gücləndirir, eyni zamanda, əqli fəaliyyətə müsbət təsir göstərir, lakin onların allergik və qıcıqlandırıcı təsirləri nəzərə alınaraq gün ərzində 30-50 qram arasında qəbul olunmalıdır.
Qida dəyəri yüksək olduğundan gündəlik vitamin tələbatını bir ovuc çərəzlə də əvəz etmək mümkündür. Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun həkim-terapevti Taleh Abbasov AZƏRTAC-a deyib: “Qida bişdikcə tərkibində olan bir sıra vitaminlər, o cümlədən S vitamini 50, A vitamini 70 faiz azalır. Həmin vitaminlər çərəzlər vasitəsilə daha çox miqdarda qəbul edilir. Qoz, fındıq, püstə kimi çərəzlər qanda xolesterinin səviyyəsini tənzimləyir, böyrəyin fəaliyyətinə müsbət təsir göstərir. Dəriyə faydasına görə bəzi kosmetoloji məhsulların hazırlanmasında da onlardan alınan yağlardan istifadə olunur. Qozun tərkibində olan Omeqa-3 yağ turşuları diabeti, yüksək qan təzyiqini və depressiyanı aradan qaldırmağa kömək edir. Qoz istehlakı digər faydalı cəhətləri ilə yanaşı, ürək xəstəlikləri riskini azaldır, beynin işini gücləndirir”.
Araşdırmalara görə, bir çox qidalardan fərqli olaraq çərəzlərin tərkibində olan faydalı maddələr bir neçə il qala bilir. Qəbul edilən bir ovuc çərəz günə gümrah və sağlam başlamağa səbəb olur.

Sağlamlıq klubu 2021-11-25 15:47:00