×
A
A
A
Sazlamalar

Acarıstanın “TV12” televiziya kanalında Vətən müharibəsinin birinci ildönümünə həsr olunmuş veriliş yayımlanıb

Tbilisi, 2 noyabr, AZƏRTAC
Acarıstanın “TV12” televiziya kanalında Azərbaycanın 44 günlük Vətən müharibəsinin birinci ildönümünə həsr olunmuş veriliş yayımlanıb.
AZƏRTAC xəbər verir ki, veriliş Azərbaycanın Batumidəki Baş konsulluğunun təşəbbüsü və dəstəyi ilə hazırlanıb.
Telekanalın aparıcısı, tanınmış telejurnalist Cemal Meqrelidzenin təqdimatında yayımlanan verilişdə Gürcüstan Müdafiə Nazirliyinin sabiq Baş Qərargah rəisi general-leytenant Quram Nikolaişvili, Beynəlxalq hüquq üzrə ekspert Rostom Quntaişvili və hərbi ekspert, polkovnik-leytenant, ictimai xadim Akaki Maxaradze iştirak ediblər.
Verilişdə əsasən İkinci Qarabağ müharibəsi, rəşadətli Azərbaycan Ordusunun torpaqları necə işğaldan azad etməsi və münaqişələrin ümumiyyətlə mümkün həlli yollarla diqqət mərkəzində olub.
Ekspert R.Quntaişvilinin sözlərinə görə, müharibəni hərbi gücü torpaqları işğaldan azad etməyə qadir, eyni zamanda, hadisələri idarə etməyi bacaran və siyasi dəstəyə malik olan dövlət qazanır. Ekspert Azərbaycanın Müdafiə Nazirliyinin büdcəsinin Ermənistanın 3 illik büdcəsinə bərabər olduğunu bildirib. O, Azərbaycan Prezidenti İlham Əliyevin böyük siyasi iradəyə malik olduğunu və atası, dünya şöhrətli siyasi xadim Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirdiyini qeyd edib. Müasir dövrdə Cənubi Qafqazda ən böyük münaqişə olan Qarabağ müharibəsinin artıq sona çatdığını vurğulayan R.Quntaişvili deyib ki, bu Qələbə daima yaddaşlarda qalacaq.
Azərbaycan xalqını qələbə münasibətilə təbrik edən R.Quntaişvili deyib: “Ərazi bütövlüyünün bərpası ən böyük sevinc və ən böyük uğurdur”.
General-leytenant Quram Nikolaişvilinin sözlərinə görə, bir çox ölkələr Azərbaycanın nümunəsindən ibrət götürməlidir. “Azərbaycan hərbi əməliyyatlara başlamağa nə dərəcədə haqlı idi?” sualına cavabında Q.Nikolaişvili deyib: “Azərbaycan hərbi əməliyyatla başlayanda bütün dünya üçün aydın idi ki, işğal altında olan ərazilər Azərbaycana aiddir. Buna baxmayaraq, bəzi hegemon dövlətlər Ermənistanın tərəfini saxlayırdılar”.
Onun sözlərinə görə, Ali Baş Komandan İlham Əliyev müharibədən əvvəl və müharibə dövründə çox düzgün siyasi kurs seçmişdir. Bu səbəblərə görə də Azərbaycan qalib gəlmişdir. “Azərbaycanın hərbi texnikası Ermənistandan 3-4 dəfə çoxdur. Azərbaycanın ordu idarəetmə sistemləri çox güclüdür. Azərbaycanın zabitləri, hərbi mütəxəssisləri təhsillərini Türkiyə və başqa ölkələrdə alıblar. Azərbaycan yüksək texnologiyalara malikdir”, - deyə general-leytenant vurğulayıb.
Hərbi ekspert Akaki Maxaradze isə jurnalistin Ermənistan tərəfinin minalanmış ərazilərin xəritələrini təhvil verməsi ilə bağlı sualına maraqlı cavab verib. Onun sözlərinə görə, Qarabağ münaqişəsi başlayandan sona çatana qədər Ermənistan rəhbərliyi Qarabağda müharibəni “Qondarma Dağlıq Qarabağ” ordusunun apardığını iddia edirdi. Lakin Ermənistan tərəfi məğlub olduqlarını gördükdə, özlərini təmizə çıxarmaq və yalanlarını təsdiqləmək üçün minalanmış ərazilərin xəritələrin bir hissəsini Azərbaycan tərəfinə təhvil verib.
“Biz bunun belə olacağını təxmin edirdik, çünki Ermənistan tərəfi artıq məğlub olduğunu özü də qəbul edirdi. Bu səbəbdən özünü təmizə çıxarmaq üçün minalanmış ərazilərin xəritələrini qaytardı. Əslində isə Ermənistan bu yolla hərbi qüvvələrinin müharibənin iştirakçısı olmadığını sübut etməyə çalışırdı. Ancaq mən tam əminliklə bildirmək istəyirəm ki, hər kəsə məlum olduğu kimi, Ermənistanın Silahlı Qüvvələri fəal şəkildə müharibə aparırdılar. Minalanmış ərazilərin xəritələrini qaytarılması, həm də Azərbaycanın hərbi-diplomatik uğurudur”, - deyə Akaki Maxaradze vurğulayıb.

Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi 

Xarici siyasət 2021-11-02 02:06:00