×
A
A
A
Sazlamalar

“Təmiz Şəhər” Açıq Səhmdar Cəmiyyəti iki beynəlxalq sertifikata layiq görülüb

Bakı, 27 oktyabr, AZƏRTAC

“Lloyd's Register” sertifikatlaşdırma təşkilatı “Təmiz Şəhər” Açıq Səhmdar Cəmiyyətini ISO 45001:2018 “Peşə Sağlamlığı və Əməyin Təhlükəsizliyi İdarəetmə Sistemi” və ISO 14001:2015 “Ətraf Mühiti İdarəetmə Sistemi" üzrə beynəlxalq sertifikata layiq görüb.
Səhmdar cəmiyyətin mətbuat xidmətindən AZƏRTAC-a verilən xəbərə görə, “Təmiz Şəhər” ASC-nin həmin sertifikatlara layiq görülməsi qurumda ətraf mühitə və əməyin təhlükəsizliyinə diqqətin yüksək səviyyədə olmasını göstərir.
Tullantıların idarə olunması sahəsində səmərəli fəaliyyət göstərən “Təmiz Şəhər” ASC 10 ildən artıqdır ki, qarşısına qoyduğu vəzifələri uğurla icra etməkdədir. Görülən işlərdə keyfiyyətli idarəetməyə daim diqqət yetirən cəmiyyət öz fəaliyyətini beynəlxalq standartların tələblərinə uyğunlaşdırmaq istiqamətində idarəetmə sistemlərinin effektivliyinin təkmilləşdirilməsi üzrə işləri davam etdirərək ciddi addımlar atır.
Fəaliyyət göstərdiyi müddət ərzində aparılan audit hesabatlarında “Təmiz Şəhər” ASC-nin əməkdaşlarının peşəkarlığı, iş prinsipinin beynəlxalq standartlara uyğunluğu hər zaman öz əksini tapıb. “Təmiz Şəhər” ASC 2013-cü ildən etibarən ISO 9001:2015 “Keyfiyyəti İdarəetmə Sistemi”, ISO 45001:2018 “Peşə Sağlamlığı və Əməyin Təhlükəsizliyi İdarəetmə Sistemi” və eləcə də ISO 14001:2015 “Ətraf Mühiti İdarəetmə Sistemi” üzrə beynəlxalq standartları üzrə sertifikatları əldə edərək daim fəaliyyətini təkmilləşdirir, həmçinin yeni versiyaların tətbiqini, eləcə də sertifikatlaşdırma mərhələlərini uğurla həyata keçirir.
“Təmiz Şəhər” ASC, 2013-cü ildə ilk dəfə ISO 9001:2008 “Keyfiyyəti İdarəetmə Sistemi”, 2015-ci ildə ISO 14001:2004 “Ətraf Mühiti İdarəetmə Sistemi”, OHSAS 18001:2007 “Əməyin Mühafizəsi və Təhlükəsizliyi İdarəetmə Sistemi”, 2017-ci və 2020-ci illərdə isə ISO 9001:2015 “Keyfiyyəti İdarəetmə Sistemi” üzrə beynəlxalq uyğunluq sertifikatlarına layiq görülüb.
Qeyd edək ki, “Lloyd's Register” təşkilatı 1760-cı ildən fəaliyyət göstərir. Həmin təşkilat dünyanın aparıcı şirkət və qurumlarında həyatın, əmlakın, ətraf mühitin təhlükəsizliyini qiymətləndirərək müvafiq sertifikatlar təqdim edir.

 

Ekologiya 2021-10-27 13:59:00