×
A
A
A
Sazlamalar

Akif Musayev: Füzuli əhalisi quruculuq prosesinə öz töhfəsini vermək arzusundadır

Bakı, 20 oktyabr, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva oktyabrın 17-də Füzuli rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb. Görüş iştirakçılarından biri - AMEA-nın İqtisadiyyat İnstitutunun nəzdində Postkonflikt Ərazilərin Bərpası Elmi Mərkəzinin rəhbəri Akif Musayev bununla bağlı təəssüratlarını AZƏRTAC-ın oxucuları ilə bölüşür.
Füzulinin işğaldan azad olunması xəbərini illərlə gözləmişəm. Füzuli torpağında yenidən olmaq mənim ən böyük arzum idi. Amma bilmirdim ömür buna vəfa edəcək, ya yox. Bu sevinci mənə yaşatdığına görə Müzəffər Ali Baş Komandan İlham Əliyevə, ordumuza öz minnətdarlığımı bildirirəm.
Qarabağın işğaldan azad olunması və ölkəmizin ərazi bütövlüyünün bərpa olunması Azərbaycanın strateji hədəfi idi. Prezident İlham Əliyevin Ali Baş Komandanlığı ilə Azərbaycan Ordusu müharibəni qələbə ilə başa çatdırdı. Bu, dünya hərb tarixində yeni bir səhifə açdı. Prezidentimiz, həmçinin indiyə qədər Azərbaycana qarşı formalaşmış ədalətsizliyə son qoyaraq informasiya müharibəsində qələbə qazandı, diplomatiya sahəsində qalib gəldi və erməni faşizminin havadarlarının nə dərəcədə ədalətsiz mövqe tutduğunu dünyaya bəyan etdi. İşğala son qoyulduqdan sonrakı vacib hədəf işğaldan azad olunan torpaqlarımızda bərpa və yenidənqurma işlərinin aparılması, bu torpaqların əzəli sakinlərinin öz dədə-baba yurdlarına qaytarılmasıdır. Qələbədən bir ilə yaxın vaxt keçib. Bu müddətdə burada görülən işlərin miqyası, intensivliyi, sürəti onu göstərir ki, çox yaxın vaxtlarda bu strateji hədəfə nail olunacaq, əhali öz doğma yurduna qayıdacaq. Nəhayət Qarabağ ruhu, Qarabağ mədəniyyəti Qarabağ torpağına qayıdacaq.
“Hər bir şəhərin, rayonun işğaldan azad edildiyi günün birinci ildönümündə quruculuq işlərinin təməli qoyulur. Füzulinin işğaldan azad olunduğu gün – oktyabrın 17-si şəhərin bərpasının, Rəqəmsal Stansiya İdarəetmə Mərkəzinin, Füzuli şəhərində salınacaq çoxmənzilli yaşayış məhəlləsinin, Memorial Kompleksin təməl daşı qoyuldu. Füzuli əhalisi həmişə dövlətçiliyin, öz Prezidentinin yanında olub, bundan sonra da yanında olacaq. Füzuli əhalisi də bu quruculuq prosesində yaxından iştirak edərək öz töhfəsini vermək arzusundadır və bu, belə də olacaq”, - deyə Akif Musayev qeyd edib.

Elm və təhsil 2021-10-20 12:32:00