×
A
A
A
Sazlamalar

Siyasi ekspert: 30 il ərzində qurulan istehkamları darmadağın edən Azərbaycan xalqı və dövləti saxta ideoloji “istehkamları” da dağıtmağı yaxşı bacarır

Bakı, 16 oktyabr, AZƏRTAC

MDB-nin Dövlət Başçıları Şurasının videokonfrans formatında keçirilən iclası baş nazir Nikol Paşinyanın timsalında Ermənistan siyasi elitasının növbəti fiaskosuna çevrildi və bütün müstəvilərdə Azərbaycanla Ermənistan arasındakı müqayisəyəgəlməz fərqi bir daha ortaya qoydu.
Doğrusu, hər dəfə Ermənistanın siyasi rəhbərliyinin müxtəlif nüfuzlu platformalarda Azərbaycanın dövlət başçısının qətiyyəti, regionda və dünyada cərəyan edən proseslərə obyektiv və əsaslandırılmış baxışı, iti zəkası qarşısında aciz duruma düşdüyünü müşahidə edəndə, beynəlxalq miqyasda tibbi, etnososial və etnopsixoloji termin kimi istifadə olunan “erməni xəstəliyi”nin əsasında mazoxizmin dayandığı qənaətinə gəlirsən. Məhz bu ilkin instinkt səviyyəsində olan qavrama problemi uzun illərdən bəri, xüsusilə də 44 günlük müharibədən sonra Ermənistan cəmiyyətinin bölgədəki və dünyadakı reallıqları olduğu kimi qəbul edə bilməsinə mane olur.
Ermənistanın baş naziri MDB-nin Dövlət Başçıları Şurasının videokonfrans formatında keçirilən iclasında Prezident İlham Əliyevin ədaləti öz gücünə bərqərar edən qalib dövlətin rəhbəri kimi səsləndirdiyi fikirlərin qarşısında aciz duruma düşdüyünü əlaqəsiz nitqi, çaşqınlığı, arqumentsizliyi ilə ortaya qoydu və ölkəmizin irəli sürdüyü tələblərə münasibətdə razılaşmağını ifadə etmək məcburiyyətində qaldı.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında siyasi ekspert Elçin Mirzəbəyli söyləyib.
Siyasi ekspert bildirib ki, Prezident İlham Əliyev çıxışında münaqişənin tarixdə qaldığını, müharibədə Zəfər qazanmış Azərbaycanın məsələnin hərbi-siyasi yolla həllinə nail olduğunu bir daha toplantı iştirakçılarının və beynəlxalq ictimaiyyətin diqqətinə çatdırdı.
Bu gün Azərbaycan üçün “münaqişə” və tarixdə qalmış bu faktın doğurduğu səbəblər, uzun illərdən bəri beynəlxalq hüququn norma və prinsiplərinə, ölkəmizin ərazi bütövlüyünə münasibətdə nümayiş etdirilən manipulyativ manevrlər prioritet deyil. Dövlətimiz işğaldan azad olunmuş ərazilərimizin yenidən qurulmasını və bərpasını özü üçün başlıca vəzifə hesab edir və həyata keçirilən siyasətin əsasında da məhz bu məqam dayanır. Hazırda Azərbaycanın əsas problemi işğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsidir. Azərbaycanlılara qarşı nifrət ruhunda tərbiyə olunan ultramillətçi ermənilər vaxtilə işğal altında saxladıqları ərazilərə piyada və tank əleyhinə minaları “toxum” kimi səpələyiblər. Ermənistanın indiyə kimi Azərbaycana verdiyi, minalanmış ərazilərin cüzi hissəsini əhatə edən xəritələrin dəqiqliyi cəmi 25 faizdir və mövcud vəziyyət insan amilini öz siyasətinin ana xətti sayan ölkəmizin minaların təmizlənməsi prosesinə daha çox diqqət ayırmağa sövq edir.
“Digər tərəfdən, 30 ilə yaxın bir zaman kəsiyində işğalçı qüvvələr Azərbaycan ərazilərindəki bütün infrastrukturu, tarixi, dini və mədəni abidələri, yaşayış binalarını və evlərini darmadağın ediblər. Azərbaycanlılara məxsus yaşayış evlərinin, inzibati binaların və digər tikililərin inşasında istifadə olunan materiallar sökülərək Azərbaycanın işğal səbəbindən nəzarət edə bilmədiyi sərhədlərdən İrana, Ermənistana daşınıb. Bu gün haqdan, ədalətdən, dini, əxlaqi dəyərlərdən ağız dolusu danışanlar öz evlərindən didərgin salınmış, qətlə yetirilmiş, işgəncəyə məruz qalmış bir milyon azərbaycanlının faciəsi üzərində özlərinə “biznes” qurub, göz yaşı, ah-nalə, qan ilə suvanmış malikanələrində ləyaqətsiz ömürlərini davam etdirirlər.
Prezident İlham Əliyev bu gün Azərbaycana qarşı əsassız iddialarla çıxış edənlərə işğal dövründə 67 məsciddən 65-nin dağıdıldığını, digərlərində isə donuz, inək saxlanıldığını xatırlatmaqla, əslində, bəzilərinin İslam dünyasına yüksək səslə bağırdıqları “həmrəyliyin” saxta pafos və ritorikadan başqa bir şey olmadığını xatırlatdı”, - deyə E.Mirzəbəyli qeyd edib.
Siyasi ekspert bildirib ki, 30 il ərzində işğal altında saxlanılan torpaqlarımızın sərvətləri talan edilib, meşələr kəsilərək satılıb, təbii resurslar qarət olunub. Avropa şirkətinin fəaliyyəti nəticəsində Oxçuçay çirkləndirilib və ekoloji fəlakət mühiti yaranıb.
Bu baxımdan, Azərbaycanın öz torpaqlarını işğaldan azad etməsi həm də bütövlükdə bölgə üçün təhlükəyə çevrilə biləcək ekoloji fəlakətin qarşısının alınması deməkdir. Azərbaycan Ermənistanla sərhədin 132 kilometrlik hissəsinə nəzarəti bərpa etməklə İrandan Ermənistana və daha sonra Avropaya gedən narkotrafik marşrutunun qarşısını alıb, cinayət yolu ilə əldə olunan vəsaitlərin terrorçu qrupların maliyyələşdirilməsinə sərf edilməsinə imkan verməyib. Bölgə xalqlarının, həmçinin narkotrafik marşrutu boyu yaşayan insanların, xüsusilə də gənc nəslin bundan sonra da “ağ ölüm” təhlükəsi ilə qarşı-qarşıya qalmalarına imkan verməyib. “Prezident çıxışında qeyd etdi ki, bu il ərzində İranla sərhədin digər hissələrində tutulan heroinin həcmi əvvəlki illərlə müqayisədə iki dəfə artıb. Bu artımın da səbəbi Azərbaycanın öz ərazilərini işğaldan azad etməsi və sərhədlərinə nəzarəti bərpa etməsidir. 30 il ərzində Ermənistan İranla əlbir olaraq işğal altında olan ərazilərdən Avropaya narkotrafik məqsədilə istifadə edib. Azərbaycanın öz ərazi bütövlüyünün bərpa etməsinin doğurduğu qəzəbin də səbəbi budur”, - deyə siyasi ekspert diqqətə çatdırıb.
Onun sözlərinə görə, uzun illərdən bəri narkotiklərin qanunsuz dövriyyəsi, çirkli pulların yuyulması və digər cinayət yolu ilə əldə edilən vəsaitlərdən əli üzülənlər yaranmış vəziyyətdən nəticə çıxarmaq əvəzinə, öz cinayətkar əməllərini böhtan xarakterli gurultulu bəyanatlar verməklə ört-basdır etməyə çalışırlar.
“Azərbaycan xalqının əsrlərin sınağından çıxmış məşhur bir atalar sözü var: “Sirkə nə qədər tünd olsa, öz qabını çatladar”. Biz “doğrunun bağrını yarmaq üçün bağıran oğru”ların kimliyini və öz mənafeyimizi, milli maraqlarımızı qətiyyətlə və cəsarətlə qorumağı yaxşı bilirik.
Otuz il ərzində qurulan istehkamları darmadağın edən Azərbaycan xalqı və dövləti saxta ideoloji “istehkamları” da dağıtmağı da yaxşı bacarır”, - deyə E.Mirzəbəyli fikirlərini yekunlaşdırıb.

Daxili siyasət 2021-10-16 11:38:00